Ankarada konsert proqramı

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar mayın 9-da Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən Ankarada konsert proqramı təşkil olunub.

Türkiyə Prezidenti Administrasiyasının Simfonik orkestr konsert salonunda keçirilən tədbir iki dövlətin himnlərinin səslənməsi ilə başlayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələrdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, qardaş ölkələr arasında əlaqələr Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dinamik şəkildə inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlib.

Konsertdə Türkiyədə yaşayan soydaşımız – pianoçu və dirijor, Azərbaycanın Əməkdar artisti Turan Manafzadənin rəhbərliyi ilə “Turan” orkestri və solist Elgün Quliyev (vokal) çıxış edib. Proqramda Azərbaycan klassik musiqisinin inciləri səslənib.

Tədbirdə rəsmilər, millət vəkilləri, Ankarada fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, diaspor və mətbuat nümayəndələri iştirak ediblər.

Konsert salonunun foyesində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi də nümayiş etdirilib.