Bu gün Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “10 may – ümummilli lider Heydər Əliyevin doğum günü” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə ulu öndər haqqında görkəmli şəxslərin fikirləri, fotolar, Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, mədəniyyətində, elmin inkişafında rolu haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyevin_dogum_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ulu öndər müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi adını yazdırıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək.