Mayın 9-da Heydər Əliyev Sarayının yeni saytı (heydaraliyevpalace.az) istifadəyə verilib.

Sarayın mətbuat katibi Aytac Bağırlı bildirib ki, əsas məqsəd müasir tələblərə uyğunlaşdırılan sayt vasitəsilə Heydər Əliyev Sarayının fəaliyyəti ilə bağlı yeniliklərin və məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etməkdir.

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov qeyd edib ki, paytaxtın baş səhnəsinin 50 illik yubileyi ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub: “İnanırıq ki, bu yubiley ölkəmizin mədəni həyatına əlamətdar hadisə kimi yazılacaq. Bu səbəbdən də Heydər Əliyev Sarayının məzmun, dizayn, operativliyi ilə seçilən yeni saytının yaradılmasına qərar verdik....”.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanmış saytda Heydər Əliyev Sarayının yaranma və fəaliyyət tarixi, repertuarı, burada keçirilən layihələr, konsertlər, festivallar və bir çox mötəbər tədbirlər haqqında məlumatlar, video və fotoalbomlar ilə tanış olmaq mümkündür.

Tamaşaçılar saytdakı “E-bilet” bölməsindən Heydər Əliyev Sarayında bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcək, həmçinin Sarayın sosial şəbəkə və “Youtube” səhifələrini izləmək imkanı qazanacaqlar.