Mayın 11-də Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Bursada ənənəvi əl sənətinə həsr olunmuş  festival keçiriləcək.

Beşincisi düzənlənən festival “Bursa-2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili çərçivəsində təşkil olunacaq.  5-ci Bursa Ənənəvi Əl İşləri Festivalında müxtəlif ölkə və bölgələrdən 80-dən çox əl sənəti nümunəsi təqdim olunacaq.

Festivala Azərbaycandan Nazilə Əbilova (xalçaçılıq və toxuculuq sənəti), Nahid Vahabov (taxta sənəti), Arif Abdullazadə (milli alətlər), Rəşad Murtuzayev (xalçaçılıq), Qazaxıstandan Aygül Janserikova (keçə sənəti), Yestay Daubayev (zərgərlik), Qırğızıstandan Saula Bapanova , Rauşan Bapanova (keçə sənəti), Saqın Dediyeva (dəriçilik, keramika), Tatarıstandan (RF) Yelena Eliseeva və Başqırdıstandan (RF) Fatimə Xayretdinova qatılacaqlar.

Yox olmaq təhlükəsi olan əl işləri nümunələrini yaşatmağa və tanıtmağa çalışan sənətkarların əsərlərindən ibarət sərgi Bursa Merinos Atatürk Konqres Mədəniyyət Mərkəzində mayın 15-ə qədər davam edəcək.

Mehparə Sultanova
Ankara