Mayın 10-da Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilən tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, ümummilli lider 1995-1997-ci illərdə Milli Kitabxananı 4 dəfə ziyarət edib və ilk gəlişində kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab bağışlayıb. Direktor qeyd edib ki, ulu öndərin hədiyyə etdiyi kitablar, haqqında  işıq üzü görən nəşrlər, kitabxanada olarkən çəkilən şəkillər, Milli Kitabxanaya bağışladığı Qurani-Kərim, habelə burada olarkən etdiyi çıxışların lent yazıları kitabxananın Heydər Əliyev guşəsində öz yerini tutur.

Ulu öndərin Azərbaycan qarşısındakı xidmətlərindən bəhs edən direktor bildirib ki, böyük dövlət xadiminin ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini xalqına rəhbərlik etmək üçün tövsiyə etməsidir. Məhz Prezident İlham Əliyevin möhkəm iradəsi və müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi ki, ulu öndər öz seçimində yanılmayıb.

Tədbirdə Ağdam rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbinin şagirdləri – Qurban Məmmədov, Şamil Həsənli, Sübhan Abbasov, İlqar Qəhrəmanlı, Hüseyn Kazımlı, Səid Əliyev, Rəsul Qədirli, Seyhun Əhmədzadə, Nəzrin Ağazadə və  başqalarının ifasında musiqi nömrələri səsləndirilib. Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin şagirdi Türkan Nəcəfova “Ulu öndər” və öz müəllifi olduğu “Şuşa” şeirini qiraət edib.

Tədbirin sonunda ümummilli liderin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan silsilə tədbirlərdə fəal iştirak edən şagirdlərə fəxri diplom verilib.