Uzun illər Şuşa nisgilli tədbirlərlə yadda qalan 8 may Vətən müharibəsində tarixi Zəfərimizdən sonra artıq deyə-gülə yaşadığımız günlərdən birinə çevrilib.

Şuşa Dövlət Musiqili Dram Teatrı da bu dəfə 8 mayda uşaqlar üçün əyləncə dolu bir məkana çevrilib. Teatrın səhnəsində “Dəcəl keçi” tamaşası nümayiş olunub.

Tamaşa "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (UYD), “Azərbaycan İncəsənət Məktəbi” (AİM) və “Bakı Teatr Mərkəzi”nin təşkilatçılığı ilə təqdim edilib. Modern üslubda olan tamaşa (quruluşçu rejissoru Racu Şıxlı) AİM-in balaca tələbələrinin qiymətləndirmə imtahanı olaraq səhnələşdirilib.

Tamaşaçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, universitetin “Səda” tədris teatrının direktoru Gümrah Ömər, Təhsil Nazirliyinin əməkdaşı Gülnar İlham, əsərin müəllifi Pərvin Nurəliyeva, UYD-nin sədri Fərhad Abdulov və başqa qonaqlar olub.

Qonaqlar sonda tamaşa haqqında təəssüratını ilə bölüşüblər. Uşaqların aktyorluq bacarıqları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. AİM-in təsisçisi və müəllimi Fərid Bağırov, ADMİU-nun müəllimi və AİM-in bədii rəhbəri Ruslan İsmayılov balaca aktyorlara sertfikatlar təqdim ediblər.

2022-ci ilin fevralında təsis edilən “Azərbaycan İncəsənət Məktəbi”ndə qeyri-formal tədris müəssisədir, uşaqlar üçün aktyor sənəti üzrə kurslar təşkil edir. Kursların tədris olunması üçün ADMİU-nun müəllimləri cəlb olunub.  2021-ci ildə təsis edilən “Bakı Teatr Mərkəzi” MMC “Azərbaycan İncəsənət Məktəbi”nə bağlı, məktəbi uğurla bitirən uşaqlara yaradıcılıq imkanı yaradan qurumdur.