Mayın 11-də Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə keçirilən konfrans görkəmli satirik şair Mirzə Ələkbər Sabirin (1862-1911) 160 illik yubileyinə həsr olunub.

Əvvəlcə tədbir iştirakçıları Sabirabad şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin abidələrini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfransda AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Sabir Fondunun təsisçisi və prezidenti Sevda Tahirli, digər elm xadimləri, yazarlar, rayon ziyalıları iştirak ediblər.

Tədbirdə böyük şairin həyatı və yaradıcılığına dair müxtəlif mövzularda məruzələr dinlənilib. Sabirin Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən söz açılıb. Konfrans bitdikdən sonra görkəmli söz ustadının Sabirabad şəhərində yaşayan qohumu, müəllim Afət Tahirzadənin ailəsi ziyarət olunub, evin həyətində şairin bir zamanlar sabun bişirdiyi tiyan ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkdirilib.