Mayın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) LOLA (LoLa Low Latency Audiovisual Streaming System) audiovizual yayım proqramının təmsilçiləri ilə görüş keçirilib.

BMA-dan bildirilib ki, görüşdə proqramın imkanları, onlayn və canlı yayım zamanı üstünlük və yeniliklərindən söhbət açılıb.

BMA-nın Beynəlxalq, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova akademiyaya təşrif buyuran qonaqlara təşəkkürünü bildirərək, görüşün hər iki tərəf üçün çox önəmli olduğunu deyib.

Görüşdə Naxçıvan Dövlət Universitetinin Musiqi şöbəsində də LOLA sisteminin qurulmasının zəruriliyi qeyd olunub. Bununla yanaşı, növbəti mərhələlərdə qarşılıqlı əlaqələr vasitəsilə müxtəlif ölkələrin bir neçə universitetlərinin ifaçılarının eyni anda bərabər şəkildə canlı yayım edə biləcəkləri barədə söhbət aparılıb və bu səpkidə görüləcək işlər müzakirə edilib.