ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən azərbaycanlı diasporu Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun (1969-1992) xatirəsinə həsr olunmuş “Mən Azərbaycanı hər yanda axtarıram” mövzusunda fotomüsabiqə elan edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan-Minnesota Assosiasiyasının təşkilatçılığı ilə 28 May – Azərbaycanın Müstəqillik Günü tədbirləri çərçivəsində keçirilən müsabiqədə 8-20 yaş arası uşaq və gənclər iştirak edə bilərlər. Mayın 28-də başa çatacaq müsabiqənin şərtlərinə əsasən, fotolar orijinal olmalıdır. Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qaliblərin adları iyunun 1-də – Beynəlxalq Uşaqları Müdafiə Günündə açıqlanacaq.

I, II və III yerləri tutan qaliblərə müvafiq olaraq 500, 300, 200 dollar pul mükafatları, bütün iştirakçılara isə sertifikatlar təqdim ediləcək.

Müsabiqədə iştirak etmək istəyən uşaqlar və gənclər Azərbaycana aid olan şəkilləri azerbaijanimn@gmail.com elektron ünvanına göndərməlidirlər.

Xatırladaq ki, ötən il ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşəbbüsü ilə Albert Aqarunovun xatirəsinə həsr edilmiş yazı müsabiqəsi keçirilib.

Bakıda doğulan, əslən dağ yəhudisi (Quba rayonunun Qırmızı Qəsəbəsi) olan tankçı kapitan Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.