Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay“ operasının tamaşası keçiriləcək.

Dünya opera sənətinin ən dəyərli nümunələrindən olan “Madam Batterflyay“ azərbaycanlı operasevərlərin də böyük maraq göstərdikləri klassik tamaşalardan biridir. Opera gənc yaponiyalı qeyşanın amerikalı hərbiçiyə faciəvi məhəbbətindən, geniş mənada isə Qərb və Şərqin mədəni ənənələrinin uyuşmazlığından bəhs edir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tamaşada baş qəhrəman – Çio-Çio-San partiyasını ifa etmək üçün Musa Cəlil adına Tatarıstan Akademik Opera və Balet Teatrının aparıcı solisti, Tatarıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Gulnora Qatinanı dəvət edib.

Tamaşada həmçinin Əməkdar artistlər Azər Zadə (Pinkerton), Səbinə Vahabzadə (Suzuki), Əliəhməd İbrahimov (Qoro), Tural Ağasıyev (Yamadori), solistlər Mahir Tağızadə (Şarples), Tələt Hüseynov (Bonza) çıxış edəcəklər.

Opera tamaşasını Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.