Prezident İlham Əliyev Özbəkistan nümayəndə heyətini qəbul edib

 

Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətləri bütün istiqamətlərdə uğurla inkişaf edir. Tarixi əlaqələr, dil və mədəni yaxınlıq münasibətlərimizin möhkəmlənməsi üçün əsas yaradır.

Prezident İlham Əliyev bu fikirləri mayın 16-da Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət dövriyyəsinin səviyyəsinin artırılmasının önəmini qeyd edib. Azərbaycanda və Özbəkistanda nəqliyyat infrastrukturu sahəsində böyük işlərin görüldüyü, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və nəqliyyat dəhlizlərinin tam şəkildə işə salınması üçün perspektivlərin olduğu diqqətə çatdırılıb.

Prezident Azərbaycanın və Özbəkistanın qanunverici orqanları arasında münasibətləri qeyd edərək, qarşılıqlı səfərlərin və beynəlxalq parlamentlərarası strukturlardakı əlaqələrin bu sahədə əməkdaşlığa töhfə verdiyini bildirib.

Türk Dövlətləri Təşkilatında əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu təşkilat çərçivəsində işbirliyimizin ölkələrimizin qardaşlığı və tarixi dostluğundan, mədəni köklərdən irəli gələrək təbii əməkdaşlıq xarakteri daşıdığını vurğulayıb və bu baxımdan Özbəkistanın təşkilata tamhüquqlu üzv olmasının önəmini qeyd edib. Digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq və qarşılıqlı dəstəyin önəmini qeyd edən Prezident İlham Əliyev bildirib ki, qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

Xoş sözlərə görə minnətdarlığını bildirən Nurdinjon İsmoilov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Özbəkistan dövlət başçısının 28 May – Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Azərbaycan Prezidentinə təqdim edib. Qonaq Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini də diqqətə çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş edib.