“Beynəlxalq Muzeylər Günü əsl mədəniyyət hadisəsidir. Bu, insanlara maraqlanmaq, sevmək və öz tarixini bilmək ehtiyacını xatırladan vacib bayramdır. 18 may bir daha diqqəti müxtəlif ölkələr və xalqlar arasında qlobal miqyasda dialoqun qurulmasına yönəldir. İCOM-un keçmiş prezidenti Jak Peronun “...Muzeylər cəmiyyətin qəlbində öz yerini tutmalıdır...” sözləri bu əlamətdar günü çox dəqiq xarakterizə edir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi təcrübənin qorunması və bilik mübadiləsi, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və qarşılıqlı hörmətin inkişaf etdirilməsidir”.

Bu fikirləri Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə deyib.

Əlamətdar günün tarixi, əhəmiyyəti, muzey işi, muzeylərin insan həyatında əhəmiyyətindən danışan direktor bildirib ki, UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən təsis edilən Beynəlxalq Muzeylər Günü bu il 45 yaşını qeyd edir. 1946-cı ildə yaradılan İCOM-un özü isə müasir dünyanın inkişafında muzey işinin mühüm rolunu təsdiqləyir: “Muzeylərin əsas məqsədi bəşəriyyətin tarixinin qorunub saxlanılmasından ibarətdir. Mədəni irs cəmiyyətlərin tarixin müəyyən bir dövründə necə yaşadığının sübutudur. Hətta insanın vaxtilə yaratdığı və sonralar məhv etdikləri də muzey eksponatları şəklində qorunur. Muzeylər bu gün bizə əcdadlarımızın həyatı, onların düşüncəsini, zehnini, qəlbini məşğul edənlər haqqında məlumat verə bilən məkandır. Məhz burada siz kainatın miqyasını hiss edə və özünüzü planetar miqyasda sivilizasiya tarixinin bir hissəsi kimi qəbul edə bilərsiniz. Bu mənsubiyyət düşüncəsi olmadan istənilən cəmiyyət durğunluğa məhkumdur. Fransız mütəfəkkiri Volterin dediyi kimi, “Keçmişi bilməyən nə indini, nə gələcəyi, nə də özünü bilir”. Ona görə də əminəm ki, muzeylərə bəşəriyyətin varlığı boyu tələbat olacaq”.

“Muzey” kəlməsinin “muzaların evi” anlamına gəldiyini bildirən Ç.Fərzəliyev qeyd edib ki, bu da muzeyin mahiyyətini dərk etmək üçün başlanğıc nöqtədir – eksponatlara baxaraq düşünmək. Cəmiyyətimizin müxtəlif tarixi inkişaf mərhələlərində yaradılmış maddi və mənəvi mədəniyyət nümunələri Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında qorunur: “Kolleksiyamızdan, sadəcə, bir misal çəkəcəyəm Şəki rayonunun Fazıl kəndinin Təpəbaşı nekropolunda aşkar edilmiş və eramızdan əvvəl III-II əsrlərə aid olan ana kultunun rəmzi heykəlciyi. Oxşar heykəlciklərə dünyanın bir çox yerlərində rast gəlinir. Onları müxtəlif dünya muzeylərində görmək mümkündür. Bu, bizim ümumi tarixi-mədəni köklərə malik olduğumuzun danılmaz sübutudur. Hər il mayın 18-də dünyanın 150 ölkəsi, o cümlədən respublikamızda qeyd olunan Beynəlxalq Muzeylər Günü muzeylərin əhəmiyyətini bir daha göstərir”.

Professor bildirib ki, muzey işi uzun əsrlər əvvəl yaranıb və bəşəriyyətin tarixi ilə sıx bağlıdır. Müasir muzeyin ilk prototipi eramızdan əvvəl 290-cı ildə İsgəndəriyyədə yaradılıb. Mənbələrdə bildirilir ki, məşhur İsgəndəriyyə Kitabxanasında oxu otaqları, yeməkxana və digər otaqlarla yanaşı zaman keçdikcə yeni eksponatlarla təchiz olunmuş otaqlar da mövcud olub. Məsələn, tədris üçün əyani vəsait kimi istifadə edilən doldurulmuş heyvanlar. Yəni muzeylərin maarifləndirici fəaliyyəti oradan qaynaqlanır. Eyni zamanda qədim Yunanıstanda müharibələr zamanı digər xalqlardan ələ keçirilmiş sənət nümunələrinin olduğu binalar yaradıldı. Orta əsrlərdə məbədlərdə və monastırlarda eksponat kimi müharibələr zamanı qənimət götürülmüş sənət əsərlərə (zərgərlik məmulatları, əlyazmalar və s.) rast gələ bilərsiniz. İlk müasir muzey Londonda 1753-cü ildə açılan və ziyarət üçün yazılı icazə tələb olunan Britaniya Muzeyidir. Xalqa açılan ilk muzey isə 1793-cü ildə yaradılan Luvr Muzeyi olub.

Bu gün dünya muzeyləri arasında 19 mindən çox eksponatı olan Azərbaycan Milli İncəsənət Muzeyinin də yer aldığını vurğulayan Ç.Fərzəliyev deyib: “Dünyanın ən məşhur və qədim muzeyləri ilə müqayisədə Azərbaycan Milli İncəsənət Muzeyi bir qədər gəncdir. Azərbaycanda muzey işi yüz ildən bir qədər əvvəl başlasa da, kifayət qədər zəngin bir yol keçilib”.

Builki Beynəlxalq Muzeylər Gününün “Muzeylərin gücü” devizi ilə qeyd olunduğunu deyən professor bildirib ki, muzeylər müəyyən mənada dünyamızı dəyişdirə bilər: “Bizi mədəni irsin heyrətamiz gözəlliyi ilə tanış etmək, keçmişdən danışmaq, dərin tarixi mahiyyəti açmaq – muzeylər bizə daha yaxşı gələcəyin necə qurulmasını öyrədirlər. Bu gün muzeylər cəmiyyətimizlə bərabər inkişaf edir, rəqəmsal platformalar vasitəsilə insanlar üçün daha əlçatan olur. Texnoloji tərəqqi heç bir halda muzeylərə rəqib deyil. Əksinə, onların ən yaxşı dostlarından biridir. Bu gün rəqəmsal texnologiyalar tamaşaçılara mürəkkəb konsepsiyaları, o cümlədən klassik sənətdən fərqli müxtəlif tamaşaların və sənət layihələrinin müəllifləri tərəfindən təqdim olunanları anlamağa kömək edir. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyi müxtəlif maraqlı sərgi layihələri həyata keçirir, beynəlxalq mədəni tədbirlər təşkil edir. Eyni zamanda muzeydə geniş tədqiqat və təbliğat işi aparılır, müxtəlif kataloqlar, bukletlər və albomlar tərtib edilir, elmi məqalələr nəşr olunur”.

Ç.Fərzəliyev daha sonra deyib: “18 may taleyini muzeylərlə bağlamış bir çox insanların peşə bayramıdır. Ziyarətçilərin daha çox bələdçi və zalların baxıcılarını görürlər. Ancaq muzeyin fəaliyyətini bərpaçılar, rəssamlar, tədqiqatçılar və s. olmadan təsəvvür etmək mümkün deyil. Bu insanlar ən dərin hörmətə layiqdirlər, çünki onlar bəşəriyyətin mədəni irsinin qorunub saxlanması sahəsində xidmət göstərirlər. Azərbaycan qədim adət-ənənələr, mədəni zənginliklər ölkəsidir. Bu zənginlikləri öyrənmək, qorumaq, bərpa etmək, təbliğatını aparmaq böyük zəhmət və məsuliyyət tələb edir. Bu muzey işçiləri ötən əsrin yetmişinci illərində ölkəmizə rəhbərlik etmiş Heydər Əliyev tərəfindən əsası qoyulmuş muzey quruculuğu təşəbbüslərini bu gün də davam etdirirlər. Məhz ulu öndərin o zamankı təşəbbüsləri və diqqəti sayəsində Azərbaycan sovet respublikaları arasında layiqli yerini tutdu. Böyük dövlət xadimi bizə əvəzsiz sərvət – onlarla muzey yadigar qoyub. Biz muzey işçiləri peşə bayramımızda qürur hissi keçiririk ki, ümummilli liderimizin həm daxili, həm də dünya mədəniyyətlərinə qayğıkeş münasibəti bu gün də davam etdirilir”.