Naxçıvanın teatr-sənət ictimaiyyəti bu günlərdə fərəh və qürur doğuran bir xəbər aldı. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə, uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli qərarı ilə “milli” statusu verildi.

Bu qərar mayın 11-də 140 yaşına qədəm qoyan qocaman sənət ocağının uzunillik fəaliyyətinə göstərilən yüksək diqqətin, özünəməxsus ənənələri ilə Azərbaycan səhnə sənəti tarixində oynadığı rola verilən dəyərin təzahürüdür. Bu yazıda “milli” statusu alan Naxçıvan teatrının keçdiyi yola nəzər salacaq, ötən dövr ərzində qazanılan nailiyyətləri, bu sənətin inkişafına töhfələr vermiş fədakar insanları xatırlayacağıq.

 

Təşəkkül

 

Naxçıvan ziyalıları içərisində öz bilik və bacarığına və təşkilatçılığına görə seçilən yazıçı, dramaturq, publisist, tərcüməçi, teatr xadimi Eynəli bəy Sultanov 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti”ni təşkil edir, qabaqcıl adamlarla, savadlı gənclərlə, məsləkdaşları Məhəmməd ağa Şahtaxtılı, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Baxşəli ağa Şahtaxtılı, Mirzə Əliməmməd Xəlilov, Paşa ağa Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov, Mirzə Ələkbər Xəlilov, Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov, Mirzə Məmməd Zamanbəyov, Nəsrulla və Fərəculla Şeyxov qardaşlarını həmin cəmiyyətə cəlb edir. Cəmiyyət üzvlərinin təşəbbüsü və səyi ilə 1883-cü ildə ilk olaraq “Naxçıvan Müsəlman İncəsənəti və Dram Cəmiyyəti” təsis edilir. Cəmiyyətin üzvləri Mizə Fətəli Axundovzadənin “Müsyö-Jordan və dərviş Məstəli şah” əsərini tamaşaya hazırlayırlar və tamaşanın göstərilməsinə icazə almaq üçün İrəvan Xalq Məktəbləri inspektoru U.V.Lovalnikova 1883-cü il aprel ayının 11-də teleqram göndərilir. Həmin komediya 1883-cü il may ayının 11-də tamaşaya qoyulur və həmin gün Naxçıvan teatrının təvəllüd tarixinə çevrilir. Naxçıvan şəhərində göstərilən ilk tamaşa o zaman buradakı rus çinovniklərini narahat etdiyindən Azərbaycan dilində səhnə əsərlərinin nümayişi qadağan edilir...

Bir il sonra E.Sultanovun rus dilində qələmə aldığı “Tatarka” (“Azərbaycan qadını”) əsəri Naxçıvan şəhər məktəbinin inspektoru Nikolayevin təşəbbüsü və həvəskarların iştirakı ilə xeyriyyə məqsədilə tamaşaya qoyulur. Bundan sonra 1885-ci ildə yerli müəlliflərin “Kəl döyüşü” və “Üsuli-cədid” vedovilləri, 1886-cı ildə yenidən “Müsyö-Jordan və dərviş Məstəli şah” komediyası yoxsul şagirdlərin xeyrinə oynanılır. Dram Cəmiyyəti üzvlərinin təşəbbüsü ilə yoxsul uşaqları məktəbə cəlb etmək məqsədilə 1887-ci ilin 2 sentyabrında M.F.Axundovzadənin “Molla İbrahimxəlil kimyagər” komediyası oynanılır. Tamaşanın rejissorları Cəlil Məmmədquluzadə və Mirzə Əliməmməd Xəlilov idi.

XX əsrin əvvəllərində Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, “Dağılan tifaq”, “Pəri cadu”, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, “Pəhləvanani-zəmanə”, “Sonrakı peşmançılıq fayda verməz”, “Daldan atılan daş topuğa dəyər”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Ev tərbiyəsinin bir şəkli” pyesləri də uzun müddət Naxçıvan teatrının repertuarında əsas yer tutur. 

1917-ci ildə R.Təhmasib və şair Ə.Qəmküsarın rejissorluğu ilə C.Məmmədquluzadənin “Ölülər” əsəri “El güzgüsü” dram cəmiyyəti tərəfindən tamaşaya qoyulur və böyük uğur qazanır. Tamaşada R.Təhmasib və Ə.Qəmküsarın böyük məharətlə yaratdıqları İsgəndər və Şeyx Nəsrullah obrazları teatrın tarixinə qızıl hərflərlə yazılır. Qeyd edək ki, “Ölülər”, “Arşın mal alan”, “Dağılan tifaq”, “Bəxtsiz cavan” kimi tamaşaların uğuru ilk növbədə R.Təhmasibin adı ilə bağlıdır. Həmin səhnə əsərlərinin bədii tərtibatçısı realist rəssam Bəhruz Kəngərli olmuşdu.

1912-1917-ci illərdə Naxçıvan səhnəsində “Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Hacı Qara”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəhləvanani-zəmanə”, “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Nadir şah”, “Ölülər”, “Molla Cəbi”, “Məşədi İbad”, “Ər və arvad”, “Arşın mal alan”, “Evliykən subay”, “50 yaşında cavan” və digər tamaşalar yerli həvəskarlar və Naxçıvana qastrola gələn Bakı və Tiflis teatrlarının aktyorları tərəfindən nümayiş olunub.

1921-ci ilin axırlarında Naxçıvanın fövqəladə komissarı B.Vəlibəyovun təşəbbüsü ilə Naxçıvanın həvəskar qadınları tərəfindən “Arşın mal alan” musiqili komediyası tamaşaya qoyularaq qadınlar üçün göstərilib. Tamaşada Süsən Sultanova-Soltan bəy, Dilbər Sultanova-Gülçöhrə, Gövhər Kəngərli-Xala, Günəş Kəngərli-Əsgər, Tovuz Nəcəfova-Süleyman, Xanım Əliyeva-Vəli, Xavər xanım (B.Vəlibəyovun həyat yoldaşı)-Asya və Qəmər Nəcəfova (Ə.Qəmküsarın qızı)-Telli rollarında iştirak ediblər.

 

“Dövlət” statusu

 

Naxçıvan Xalq Maarif Komissarlığının 8 fevral 1922-ci il tarixli 28 nömrəli əmri ilə Naxçıvanda teatr işlərini idarə etmək üçün sənaye nəfsə (incəsənət) şöbəsi (Dövlət teatrolar direktoriyası) yaradılır. Həmin şöbəyə Həsən Səfərov (Səfərli) sədr, Həmid Mahmudov və Əli Xəlilov üzv təyin olunurlar. Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı əsasında 1923-cü ildə teatrın binası əsaslı surətdə təmir edilir və “Naxçıvan Dövlət Dram Teatrı” adlandırılır. Həmin il teatrın repertuarına “Pəri cadu”, “Laçın yuvası”, “Pəhləvanani-zəmanə”, “Ağa Məhəmməd şah Qacar”, “Arşın mal alan”, “Məşədi İbad”, “Əlli yaşında cavan” kimi əsərlər salınır. Həmçinin teatrın heyəti H.Səfərov, H.Mahmudov, R.İsfəndiyarlı, Ə.Abbasov, S.Allahverdiyev, M.Mirişli, H.Məmmədov, Ə.Rzayev, R.Vəzirov, C.Zülfüqarlı, Ə.Cəfərov, S.Səbri, A.Qasımov, M.Ə.Abuzərli kimi gənclərin hesabına daha da güclənir.

1920-1930-cu illərdə Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Panfiliya Tanailidi və İsmət xanım kimi məşhur aktyorlar Naxçıvana qastrola gəlirlər. 1923-cü ilin iyun ayında yerli aktyorların iştirakı ilə C.Cabbarlının “Aydın”, H.Cavidin “İblis”, “Şeyx Sənan”, Üzeyir bəyin “Arşın mal alan”, “Məşədi İbad” əsərlərini tamaşaya qoyurlar. Naxçıvanda ilk dəfə tamaşaya qoyulan “Şeyx Sənan”da Abbas Mirzə-Şeyx Sənan, Mərziyə Davudova-Xumar, Həsən Səfərli-Dərviş, Mirhəsən Mirişli-Platon, Teymur Qasımov-Kor ərəb, Rza İsfəndiyarlı-Şeyx Kəbir, Əli Xəlilov-Serqo, İsmət xanım-Zəhra, Panfiliya Tanailidi-Nina rollarında oynayırlar. Qastrol günlərində göstərdiyi məzmunlu tamaşalara və Naxçıvan Dövlət Dram Teatrının bərpa və inkişafına sərf etdiyi əməyə görə A.M.Şərifzadə 19 iyul 1923-cü ildə Naxçıvan Ölkə İcraiyyə Komitəsi tərəfindən qızıl qol saatı ilə mükafatlandırılır, Mərziyə xanım və P.Tanailidiyə kostyumluq parça hədiyyə edilir.

Naxçıvan teatrı 1920-1930-cu illərdə əsasən iki istiqamətdə – romantik və realist səpkidə inkişaf edir. H.Cavidin və C.Cabbarlının pyesləri teatra yeni ab-hava gətirir. S.Mövləvi, İ.Həmzəyev, İ.Musayev, Ə.Haqverdiyev və Z.Həmzəyevanın bir sənətkar kimi ərsəyə gəlməsində bu dramaturqun səhnə əsərlərinin böyük rolu olur.

Müqtədir sənətkar Sidqi Ruhulla 1931-1933-cü illərdə Naxçıvan teatrının direktoru və baş rejissoru vəzifəsində çalışıb. Həmin dövrdə onun uğurla tamaşaya qoyduğu “Otello”, “Qaçaqlar”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Hacı Qəmbər”, “Hacı Qara” tamaşaları özünün professional səhnə həlli ilə diqqəti cəlb etmişdi. Yusif Yulduzun quruluşunda M.İbrahimovun “Həyat” pyesinin 1937-ci ildə tamaşaya qoyulması muxtar respublikanın mədəni həyatından əlamətdar bir hadisəyə çevrilir. Bu uğurun ardınca Həsən Əliyevin quruluşunda S.Vurğunun “Vaqif” mənzum pyesinin tamaşası (1939) diqqəti cəlb edir.

 

M.F.Axundzadə adına...

 

Milli dramaturgiyanın banisi M.F.Axundzadənin anadan olmasının 125 illiyi münasibətilə 1938-ci ilin martında ədibin “Hacı Qara” komediyası İ.Musayevin quruluşunda tamaşaya qoyulur. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 26 dekabr 1938-ci il tarixli qərarı ilə Naxçıvan Dövlət Dram Teatrına Axundzadənin adı verilir.

İkinci Dünya müharibəsi illərində teatrın repertuarında qəhrəmanlıq və vətənpərvərlik ideyalı əsərlər daha çox yer alır. İ.Həmzəyev, İ.Musayev və S.Mövləvinin quruluşlarında tamaşaya qoyulan S.Vurğunun “Fərhad və Şirin”, R.Rzanın “Vəfa”, Z.Xəlilin “İntiqam”, M.Təhmasibin “Aslan yatağı”, K.Simonovun “Vətən oğlu”, V.Şekspirin “Otello”, A.Şaiqin “Vətən”, Ü.Hacıbəylinin “Arşın mal alan” və s. əsərlər izləyicilərdə yurda sevgi, düşmənlərə nifrət hissləri aşılayır.

 

Cəlil Məmmədquluzadənin adı ilə bu günlərə...

 

Böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyi ərəfəsində (Həmin dövrdə ədibin təvəllüd tarixi 1866-cı il kimi qəbul olunurdu. Sonrakı tədqiqatlarla bu tarix 1869-cu il kimi təsbit olundu – red.), 1964-cü ildə teatra Mirzə Cəlilin adı verilməklə “Naxçıvan Dövlət Musiqili Dram Teatrı”na çevrilir. Teatrın repertuarına dramaturqun “Anamın kitabı” əsəri daxil edilir və 1965-ci ilin dekabrında tamaşa nümayiş olunur. Həmin ilin iyulunda kollektiv Bakı şəhərində K.Ağayevanın “Məhsəti”, H.Razinin “Odlu diyar”, C.Əmirovun “Sahil əməliyyatı” tamaşalarını müvəffəqiyyətlə nümayiş etdirir. Tamaşalar haqqında respublika mətbuatında geniş rəylər dərc olunur.

1970-1980-cı illərdə Naxçıvan teatrının bədii həyatında ciddi dönüş yaranır. Bu, B.Qələndərli, V.Babayev, V.Əsədov, Ə.Lalayev kimi rejissorların quruluşlarında daha çox diqqəti cəlb edir. Anarın “Adamın adamı”, İ.Qasımovun “Nağıl başlandı...”, R.Rövşənin “Dərs”, C.Əfruzun “Qanqın böyük dalğası”, A.Makayenokun “Tribunal”, G.Midivaninin “Vətən namusu”, N.Dumbadzenin “Darıxma, ana” və s. tamaşalar əxlaqi-etik problemi, müasirlik duyğusu, ən başlıcası isə maraqlı rejissor yozumu və yaddaqalan aktyor oyunu ilə diqqəti çəkir. Xalq artisti Vaqif Əsədovun quruluşunda Sofoklun “Elektra” tamaşası Tiflisdə keçirilən Ümumittifaq teatr festivallarının baş mükafatına layiq görülür və səhnə əsəri Ümumittifaq televiziyası ilə nümayiş etdirilir.

Həmin illərdə diqqəti cəlb edən mühüm cəhətlərdən biri də teatrın türk dramaturgiyasına geniş meydan verməsi idi. N.Hikmətin “Bayramın birinci günü”, “Qəribə adam”, R.N.Güntəkinin “Dodaqdan qəlbə”, O.Kamalın “Yad qızı”, T.Oflasoğlunun “Dəli İbrahim”, Ə.Nesinin “Ölən adam” və s. tamaşaları xüsusilə diqqəti cəlb edirdi.   

Teatrın 100 illik yubileyi (Naxçıvan teatrının əsasının 1883-cü ildə qoyulması faktı sonrakı illərdə təsdiq olunub – red.) 1987-ci il iyunun 13-də təntənə ilə qeyd olundu. Yubiley tədbirlərində ölkəmizdən və ittifaq respublikalarından sənət adamları iştirak edirdilər. “Sovet Naxçıvanı” (indiki “Şərq qapısı”) qəzeti 13 iyun 1987-ci il tarixli nömrəsini bütünlüklə teatrın yubileyinə həsr edir. Ölkəmizdə teatr sənətinin inkişafındakı xidmətlərinə görə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunur. Teatrın bir sıra əməkdaşları fəxri adlara layiq görülür.

***

Naxçıvan teatr tarixinə diqqət yetirərkən sanballı rejissorlar nəslinin fəaliyyət göstərdiyini qeyd edə bilərik. B.Naxçıvanski, S.Ruhulla, R.Təhmasib, K.Ziya, Y.Yulduz, H.Səfərli, S.Mövləvi, H.Ağayev, İ.Həmzəyev, İ.Musayev, Ə.Hüseynov, B.Qələndərli, V.Babayev, V.Əsədov, Ə.Lalayev, Ə.Əsgərov, K.Quliyev, Y.Ramazanova, R.Hüseynov, T.Seyidov və H.Məmmədova maraqlı quruluşları ilə teatrsevərlərin zövqünü oxşayıblar. Naxçıvan teatrında fəaliyyət göstərən böyük rəssamları da burada qeyd etməliyik. XX əsrin əvvəllərində Naxçıvan səhnəsində hazırlanan əsərlərin 1912-ci ildən ömrünün sonuna qədər (1922) bədii tərtibatını görkəmli rəssam B.Kəngərli ustalıqla yaradıb, səhnəyə lazım olan dekor və pərdələri hazırlayıb. Sonrakı illərdə A.Qazıyev, Ş.Qazıyev, Ə.Hüseynov, M.Qasımov, Y.Məmmədov, M.Seyidov, S.Qədimov, M.İsmayılov, H.Əliyev, Ə.Axundov, S.Bayramov, Ə.Səfərli ayrı-ayrı vaxtlarda quruluşçu rəssam işləyiblər.

Naxçıvanlı bəstəkarlar M.Sultanov, T.Hüseynov, Ə.Hüseynov, A.Kəngərli, S.Rəcəbli, M.Cavadov, M.Ələkbərov, R.Məmmədov, R.Mirişli, N.Məmmədov, Y.Əsgərov, Ş.Qasımov, Ə.Məmmədov, Ə.Ələkbərova, Y.Xəlilov, K.Əhmədov və başqaları tamaşalara maraqlı musiqilər yazıblar.

1929-cu ildən etibarən yerli gənc müəlliflər M.Nəsirli, Q.Qurbanov, Ə.Abbasquliyev, İ.Səfərli, H.İbrahimov, Ə.Yusifli, H.Razi, K.Ağayeva, H.Elsevər, M.Tarverdiyev, R.Muxtar, N.Nehrəmli, H.Arzulu, A.Qasımov, E.Həbib, Ə.Qəmbərov və digərlərinin müxtəlif mövzulu əsərləri rejissorlar tərəfindən tamaşaya qoyulub.

 

Müstəqillik illəri – milli tarixi yaddaşa müraciət

 

Naxçıvan teatrının müstəqillik illərindəki qaynar fəaliyyəti də maraq doğurur. Müstəqillik illərində teatr milli dramaturgiyanın klassik nümunələrinə geniş meydan verməklə qan y addaşımıza, soy-kökümüzə, milli şüurun formalaşmasına xidmət edən əsərlərə daha çox müraciət edib. 3 sentyabr 1991-ci il tarixdə ümummilli lider Heydər Əliyevin muxtar respublikanın Ali Məclisinə sədr seçilməsi ilə Naxçıvanda bir çox sahələr kimi mədəni mühitdə də ciddi bir canlanma, dönüş yaratdı. Bu qocaman sənət məbədinə rəğbət bəsləyən ulu öndər Naxçıvan teatrının da inkişafı qayğısına qalaraq münbit şəraitin təmin olunmasına çalışırdı. Məhz bunun nəticəsində Ə.Əsgərovun hazırladığı R.Səməndərin “Şəhidlər” pyesi (19 yanvar 1991) dövrün diktəsindən irəli gələn mühüm amil idi. Tamaşanın ideya mərkəzində günahsız şəhidlərimizin faciəli taleyi təsvir olunurdu. Rejissorun uğurla tamaşaya qoyduğu “Xeyir və Şər” (İ.Səfərli, 2 iyul 1991) pyesi ictimai, sosial mahiyyəti ilə fərqlənirdi. Gənc rejissor V.Əhmədovun quruluşunda “Anamın kitabı” (1992) pyesi uğurlu səhnə həlli ilə maraq doğururdu.

Ümumiyyətlə, müstəqillik illərində Naxçıvan teatrında yüzdən artıq əsər (bunlardan altmışa yaxını ilk dəfə) uğurla tamaşaya qoyulub. “Nadir şah” (N.Nərimanоv), “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” (N.Həsənzadə), “Dəli yığıncağı” (C.Məmmədquluzadə), “Fərhad və Şirin” (S.Vurğun), “Topal Teymur”, “Xəyyam” (H.Cavid), “Lənkəran xanının vəziri” (M.F.Aхundov), “Hökmdar və qızı” (İ.Əfəndiyеv), “Atillanın atlıları” (N.Хəzri), “Dirilən adam” (M.Cəlal), “Məhsəti” (K.Ağayеva), “Əlincə qalası” (H.Arzulu), “Sahilsiz çaylar” (E.Həbib), “Araz sahilində doğan günəş” (H.Еyvazlı), “Qönçəbəyim nəğməsi” (M.Nəsirli), “Kəllə” (N.Hikmət), “Ağa Məhəmməd şah Qacar” (Ə.Əmirli), “Qurtuluş dastanı” (İxtiyar), “Arılar arasında”, “Teleskop” (Elçin), “Manqurt” (Ç.Aytmatov) və s. əsərlər sənət ocağının müstəqillik illərindəki zəngin repertuarından xəbər verir. Kollektiv bu illər ərzində qonşu ölkələrdə uğurlu qastrol səfərlərində də olub.

Bu gün Rza Xudiyev, Kamran Quliyev, Rövşən Hüseynov, Yasəmən Ramazanova, Şirzad Abutalıbov, Vidadi Rəcəbli, Əbülfəz İmanov, Günay Qurbanova, Səməd Canbaxşiyev, Zülfiyyə Zeynalova, Zəminə Məmmədova, Həcərxanım Məmmədova, Ələsgər Quliyev və başqaları Naxçıvanda səhnə sənətinin inkişafına öz töhfələrini verirlər.

***

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində muxtar respublikada fəaliyyət göstərən teatrlarda müxtəlif layihələr gerçəkləşdirildi. NMR Ali Məclisi sədrinin qayğısı sayəsində Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası əsaslı surətdə yenidən qurularaq istifadəyə verildi. Dövlət başçısı 2008-ci il yanvarın 31-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi ilə bağlı sərəncam imzaladı. Digər sərəncamla teatrın bir sıra aktyorları Prezident təqaüdü və mükafatına layiq görüldü, fəxri adlarla təltif olundu.

Naxçıvan teatrı fəaliyyəti boyu qabaqcıl ideyaların carçısı olub, milli dirçəliş və azadlıq uğrunda mübarizəyə öz sənət töhfəsini verib. İnanırıq ki, “milli” statusu alan Naxçıvan teatrı bundan sonra da maraqlı səhnə əsərləri ilə sənətsevərlərin görüşünə gələcək. Bu yolda doğma teatrımızın bütün kollektivinə yaradıcılıq uğurları arzulayırıq.

Əli Qəhrəmanov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent