Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü və Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi münasibətilə “Azərbaycanı daha yaxından tanıyaq!” adlı yeni bir layihəyə start verilib.

Səfirlikdən verilən məlumata görə, layihəyə əsasən, Türkiyədə fəaliyyət göstərən universitet və məktəblərdə Azərbaycan otaqlarının yaradılması nəzərdə tutulur.

Samsun vilayəti Bafra rayonunun Kolay kənd orta məktəbinin (Samsun Bafra Kolay Orta okulu) direktoru Faruk Akkurtun Azərbaycanın Türkiyədəki Səfirliyinə müraciət edərək məktəbin kollektivinin və şagirdlərin ölkəmizi yaxından tanımaq arzusunu ifadə etməsi ilə əlaqədar olaraq, ilk Azərbaycan otağı bu təhsil ocağında yaradılıb.

Açılış mərasiminə qatılan Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi Elxan Zeynalov qeyd edilən layihə barədə ətraflı məlumat verib.

Azərbaycan otağında qurulmuş məlumat stendlərində Azərbaycan Xalq Cümhuriyyətindən başlayaraq ölkəmizdə dövlət quruculuğu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müasir inkişaf yolu, Birinci vitse-prezident Mehriban Əliyevanın milli mədəniyyətimizə verdiyi töhfələr, ölkəmizin qədim mədəniyyəti, tarixi şəxsiyyətlər və digər mövzularda məlumat verilir.

Səfirlikdən bildirilib ki, “Azərbaycanı daha yaxından tanıyaq!” layihəsi çərçivəsində fəaliyyət davam edəcək.

Mehparə Sultanova
Ankara