Mədəniyyət naziri Anar Kərimov mayın 21-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Sultan Raevlə görüşüb.

Nazir 19-20 may tarixlərində Şuşa şəhərində keçirilən “Postmünaqişə dövründə humanitar gündəliyin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına görə Sultan Raevə təşəkkürünü bildirib.

Türk xalqları arasında mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində TÜRKSOY-un rolunu vurğulayan Anar Kərimov əmin olduğunu bildirib ki, təşkilat bundan sonra da Türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün fəaliyyətini davam etdirəcək.

Şuşa şəhərinin TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin əhəmiyyətini vurğulayan nazir ölkəmizin təşəbbüskarı olduğu bir sıra beynəlxalq tədbirlərin Şuşada keçirilməsinin nəzərdə tutulduğunu deyib.

TÜRKSOY-un Baş katibi Sultan Raev beynəlxalq konfransa dəvətə görə nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində tədbirlərin təşkilinin təqdirəlayiq olduğunu deyib. O, Azərbaycan Mədəniyyət Nazirliyinin reallaşdırdığı layihələrdə yaxından iştirak etməyə və dəstək verməyə hazır olduqlarını qeyd edib.