Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin "Fədakarlar bir amalın uğrunda" kitabının təqdimatı keçirilib.

Əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan jurnalist Afaq Rza müəllifin publisistik fəaliyyəti, media orqanlarında dərc olunan məqalələri haqqında məlumat verib.

Kitab haqqında məlumat verən Aydın Tağıyev qeyd edib ki, topluya son illərdə KİV-lərdə çap olunan məqalələri toplanıb. Bildirib ki, zaman-zaman üzləşdiyimiz faciələr, fəlakətlər, mənfur ermənilər tərəfindən xalqımızın başına gətirilən insanlığa sığmayan, inanılmaz və saysız dərəcədə çox fəlakətlər məni sanki məcbur etdi ki, ölkə və dünya mətbuatında yayımlanan məqalələrimdən ibarət bu kitabı hazırlayım. Kitabda yerli və dünya mətbuatında dərc edilmiş məqalələr toplanıb. Bu yazılar müxtəlif əlamətdar və tarixi günlərə, o cümlədən ölkəmizin həyatında müstəsna xidməti olan şəxsiyyətlərə həs edilib.

Təqdimatda Milli Məclisin deputatları Aydın Mirzəzadə, Aqil Abbas, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Ziyafət Həbibova, Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Qəmər Mürşüdlü, yazıçı-publisist İlqar Rəsul və başqaları kitabın məziyyətlərindən danışıblar. Bildirib ki, kitabda bütün zamanlarda aktual olacaq mövzular əks olunur.

Sonda müəllif kitabını öz imzası ilə tədbir iştirakçılarına təqdim edib.