Mayın 23-də Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasından 99 il ötür. Bu münasibətlə kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Azərbaycan Mərkəzi Dövlət Kitabxanası (indiki Milli Kitabxana) 1922-ci ildə yaradılıb. Kitabxana yarananda onun fonduna keçmiş çar Rusiyası İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5 min nüsxə kitab verilmişdi. Təntənəli açılışı 23 may 1923-cü ildə keçirilən kitabxana AMEA Rəyasət Heyətinin indiki binasında yerləşirdi. 1939-cu ildə kitabxanaya böyük mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adını verilib. 1961-ci ildə kitabxana indiki binasına köçüb.

İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənib, yeni şöbələr yaranıb, fondlarında ədəbiyyat sayı milyonlarla nüsxəyə çatıb. 2004-ci ildə kitabxanaya Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Milli Kitabxana” statusu verilib.

Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Bu gün Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Dünyanın 60-a yaxın kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm