Səidə Ömər: “Belə bir tədbirə dəvət olduğum üçün qürur duyuram”

 

Mayın 19-da Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda (ilçə) beynəlxalq “Atlı oxçuluq” yarışması keçirilib. Sındırqı Bələdiyyəsi və Atlı Oxçuluq və Döyüş Sənətləri Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşən yarışma 19 may – “Atatürkü anma, Gənclik və İdman bayramı”na həsr olunub.

Tədbirə ABŞ, Almaniya, Qazaxıstan, Kanada, Qırğızıstan, İran, Fransa, Pakistan, İndoneziya, Moldova, Güney Afrika kimi ölkələrdən 100-dən çox nümayəndə qatılıb.

Yarışmaya qonaq qismində dəvət olunan İstanbul Universitetinin doktorantı, telejurnalist, sənətçi Səidə Ömər “Dədə Qorqud” filmindən “İncə bellim” mahnısına (bəstəkar Emin Sabitoğlu) hazırladığı rəqs kompozisiyası ilə qala gecəsində iştirak edib.

Tədbir əsnasında həmyerlimiz Sındırqı Bələdiyyəsinin başqanı Əkrəm Yavaşa və Atlı Oxçuluq və Savaş Sənətləri Dərnəyinin rəhbəri Enis Yurdakökə Qarabağ və Təbriz haqqında kitablar, eləcə də Azərbaycan bayrağı hədiyyə edib.

Səidə Ömər ölkəmizi belə bir tədbirdə təmsil etdiyi üçün qürur duyduğunu bildirib: “Atçılıq və ya oxçuluqla məşğul olmasam da, mərasimin açılış hissəsində “Dədə Qorqud” dastanının ekran versiyasında yer alan “İncə bellim” mahnısı əsasında rəqs kompozisiyası və “Uzundərə” milli rəqsimizi ifa etdim, ürək sözlərimi söylədim. Bələdiyyə başqanın “Twvitter” hesabında Azərbaycan bayrağı ilə çəkilən fotolarını paylaşması çox qürurvericidir. Təbii ki, biz “bir millət, iki dövlət”ik, lakin çox sayda ölkənin iştirak etdiyi bir mərasimdə məhz azərbaycanlı olduğum üçün xüsusi diqqət görmək məni çox duyğulandırdı. Gələcəkdə belə yarışmalarda gənclərimizin at belində, əlində ox-yayı ilə təmsil olunmasını çox istərdim. Arzu edirəm ki, belə yarışmalar Qarabağda, Cıdır düzündə keçirilsin”.

Müsabiqənin son günü Atlı Oxçuluq və Savaş Sənətləri Dərnəyinin üzvləri performans nümayiş etdirərkən atçılardan biri Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, Səidə Ömər 2018-2021-ci illərdə Türkiyədə “Bengütürk” kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı olub.

Mehparə Sultanova
Ankara