Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və müəllimlərindən ibarət 30 nəfərlik nümayəndə heyətinin “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək” devizi altında Şuşa şəhərinə səfəri təşkil edilib.

Səfər “Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi layihə çərçivəsində reallaşıb.

Bu barədə AzMİU-dan məlumat verilib. Səfər zamanı AzMİU-nun professorları Zahidə Məmmədova, Səbinə Hacıyeva və Yeganə Hacıyeva tələbələri Şuşa şəhərinin işğaldan əvvəlki vəziyyəti barədə məlumatlandırıblar. Onlar şəhərin memarlıq xüsusiyyətləri, tarixi memarlıq abidələri, işğal dövründə məruz qaldığı dağıntılar, hazırda icrasına başlanılan yenidənqurma və abadlıq-quruculuq işlərindən danışıb, Şuşa şəhərinin yeni baş planı barədə ətraflı məlumat veriblər. Səfər zamanı tələbələr buradakı tarixi məhəllələr, məscidlər, bulaqlar, xan qızı Natəvanın, Mehmandarovların evi, Şuşa Real Məktəbi, Bülbülün ev-muzeyi, Gəncə qapısı ilə tanış olub, Cıdır düzündə foto və videolar çəkiblər.

Layihənin son mərhələsində məlumatlandırma-maarifləndirmə kampaniyasının qalibləri müvafiq komissiya tərəfindən qiymətləndirilməklə 1-ci, 2-ci və 3-cü yerin sahibləri müəyyən ediləcək.