Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Dünya Mədəniyyətləri Evi – Fransa Qeyri-maddi Mədəni İrs Mərkəzinin dəvəti ilə bu ölkədə 10 günlük səfərdə olub.

Muzeydən bildirilib ki, qeyri-maddi mədəni irs nümunələrinin təbliğinə və mədəni müxtəlifliyin müdafiəsinə mühüm töhfələr verən beynəlxalq təşkilat xarici ölkələrdə çalışan və Fransa ilə mədəni əlaqələrin qurulmasında rolu olan şəxslər üçün xüsusi proqramlar təşkil edir. Azərbaycan Milli Xalça Muzeyinin son dövrlər Fransanın mədəniyyət ocaqları ilə sıx əməkdaşlığı nəzərə alınaraq, bu il ölkəmizi onun fəaliyyət sahəsinə uyğun hazırlanan xüsusi proqram çərçivəsində Şirin Məlikova təmsil edib.

Milli Xalça Muzeyinin direktoru Paris, Lion və Fransanın digər şəhərlərində fəaliyyət göstərən muzeylərin ekspozisiya və fondları, bərpa mərkəzləri, qədim üsulların tətbiq edildiyi dekorativ-tətbiqi sənət, tekstil mərkəzləri ilə yaxından tanış olub. Həmçinin dünyanın məşhur muzeylərindən olan Luvr muzeyinin, ən gözəl krujeva tikmə sənət əsərlərinin hazırlandığı Milli Krujeva Konservatoriyası emalatxanasının, XVII əsrdən indiyədək dünya unikal kolleksiyasının qorunub saxlandığı “Mobilier National”ın xalça, qobelen laboratoriyasının zəngin təcrübəsi haqqında maraqlı məlumatlar əldə edib.

Səfər zamanı səlahiyyətli şəxslər, o cümlədən Fransanın Mədəniyyət Nazirliyinin nümayəndələri ilə səmərəli görüşlər keçirilib, əməkdaşlıq məsələlərini müzakirə edilib. Bu isə gələcəkdə Azərbaycan-Fransa mədəni əlaqələrinin genişləndirilməsi, Fransa muzeyləri ilə əməkdaşlığın inkişafı və birgə layihələrin hazırlanması və icrası istiqamətində yeni imkanların yaranması baxımından əhəmiyyətlidir.