26-29 may tarixlərində Bakıda “TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı – “TEKNOFEST Azərbaycan” keçirilir.

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Fondunun təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Bu il Türkiyədən kənarda ilk “Teknofest”ə Azərbaycan paytaxtı ev sahibliyi edir. Festival Bakı Kristal Zalı və onun ətrafında – Dənizkənarı bulvar ərazisində təşkil olunub. Festivalın təşkilatçıları Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.

Açılış mərasimində Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edib.

“TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edir”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

Məlumat verilib ki, festival proqramına 8 texnoloji müsabiqə daxildir. Bu yarışlar pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərməyə imkan verir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.

Qeyd olunub ki, “TEKNOFEST” elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq. Eyni zamanda birlikdə çalışan gənclərə komanda ruhu aşılayacaq. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrədəcək.

Çıxışlardan sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Səlcuq Bayraktarın geri sayımı ilə “TEKNOFEST Azərbaycan” festivalı öz işinə başlayıb. Təbdir iştirakçıları VİP tura dəvət olunublar. Tur zamanı moderator qonaqlara “TEKNOFEST” barədə ümumi məlumat verib.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlar texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionlarıdır.

Mayın 26-da “Texnofest Azərbaycan” festivalı çərçivəsində Türkiyənin “Türk Ulduzları”, “Solo türk” və “Hürkuş”  təlim təyyarələrinin Bakı səmasında uçuş şouları keçirilib.