Azərbaycan Milli İncəsənət Muzeyinin təsviri sənətimizin ölməz korifeylərinin yaradıcılığını yaşatmaq və yeni nəslə tanıtmaq məqsədilə gerçəkləşdirdiyi “Bədii lövhələr” layihəsinin iyun ayı üzrə  qəhrəmanı Xalq rəssamı Səttar Bəhlulzadədir.

Muzey ay ərzində ustad dərsi proqramında balacaları Səttar Bəhlulzadənin “Naxçıvan dağları” tablosu ilə yaxından tanış olmağa və əsərin “step by step” imitasiyasını yaratmağa dəvət edir.

Uşaqlar ustad dərsində fərdi üslubu və orijinal dəsti-xətti ilə seçilən sənətkarın yaradıcılığını tədqiq edəcək və rəssamın bənzərsiz təbiət lövhələri ilə tanış olacaq, isti-soyuq rəngləri tanıyacaq, yeni rənglər əldə etməyi öyrənəcək, eləcə də muzeyin ekspozisiyasında sərgilənən sənət əsərlərini görmək fürsəti əldə edəcəklər.

Muzey bütün azyaşlı sənətsevərləri “Bədii lövhələr” layihəsində iştirak etməyə dəvət edir. İştirak üçün öncədən qeydiyyatdan keçmək xahiş olunur.