Amerikanın “National Geographic” jurnalında Azərbaycan mətbəxinə həsr olunmuş məqalə dərc olunub.

Müəllif Emili Luş yazdığı məqalədə Azərbaycan mətbəxinin yeməklərinin rəngarəngliyindən və zənginliyindən söz açır. Qeyd olunur ki, Azərbaycanı əhatə edən doqquz iqlim qurşağı insanlara çoxlu təzə məhsullar, o cümlədən şaftalı, nar, alma, əncir, zəfəran və şirin bibərlə təmin edir.

Azərbaycan mətbəxinin şahı olan zəfəranla dəmlənmiş plov hər məclisin yaraşığıdır. Bununla bərabər şış kababları, dolma və soyuq salatlar da təqdim edilir. Bunları çox vaxt bir stəkan Azərbaycan şərabı və ya şərbəti, limon, şəkər, zəfəran və təzə meyvələrdən hazırlanmış təravətləndirici sərinləşdirici içki müşayiət edir. Məclislər ənənəvi olaraq bir dilim limonla içilən və armudu stəkanlarında təqdim edilən çayla tamamlanır.

Müəllif paytaxt Bakıda yeməklər içindən düşbərəni seçib. Qeyd olunur ki, düşbərə türk mənşəli yeməkdir və italyan mətbəxinin rəmzi olan tortelliniyə bənzəyir. Düşbərə ölkənin hər yerində yeyilir, lakin paytaxt Bakıda xüsusilə məşhurdur.

Daha sonra qeyd olunur ki, Lənkəranın ən məşhur qida ixracı olan ləvəngi qoz, kişmiş, soğan, sumaq, yaşıl alça və narşərabın qarışığı ilə doldurulmuş balıq və ya toyuqdan ibarətdir. Şəki bölgəsinə gəldikdə isə, müəllif pitini belə təsvir edir: “Pitinin adı onun hazırlandığı və süfrəyə verildiyi gil qabdan götürülüb”. Daha sonra qeyd olunur ki, Naxçıvan bölgəsi “qovurma” adlanan yeməklə tanınır. Sürhüllü isə Qaxın dağlıq bölgəsinə aiddir.

Məqalədə həmçinin bildirilir ki, Azərbaycanın şah plovu ən azı 40 regional reseptə uyğun hazırlanır. Sonda qeyd olunur ki, hər bölgənin öz forması və içliyi ilə seçilən kətəsi var, lakin bu zəngin kalorili yeməyin ən çox sevilən növü Azərbaycanın cənub-qərbindəki Qarabağ bölgəsindən gəlir.