Xəzər rayonunda bir sıra küçələrin adları dəyişdirilib

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə paytaxtın Xəzər rayonunun qəsəbələrində 10 küçənin adı dəyişdirilib. Küçələrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş sxemlərə uyğun olaraq yeni adlar verilib.

Mərdəkan qəsəbəsində 20-ci Mərdəkan küçəsi bundan sonra yazıçı-dramaturq Ənvər Məmmədxanlının adını daşıyacaq.

Zirə qəsəbəsində Bünyad Sərdarov (inqilabçı-bolşevik) küçəsi Əbdülağa Cavadov (neftçi-alim) küçəsi adlandırılıb.

Binə qəsəbəsində 20-30-cu illərdə sovet Azərbaycanının rəhbərlərindən olmuş Qəzənfər Musabəyovun adını daşıyan küçəyə neftçi-həkim Həsənağa Əliyevin adı verilib.

Həmin qəsəbədə Serqo Orconikidze (Azərbaycanda sovet hakimiyyətinin qurucularından biri) küçəsi Əlirza Bayramzadənin (energetik, mühəndis) adını daşıyacaq.

Binə qəsəbəsində Azərbaycanda sovetləşmənin aparıcı simalarından olmuş Dadaş Bünyadzadənin (ilk maarif komissarı, respublika Xalq Komissarları Sovetinin (hökumət) sədri) adını daşıyan küçə isə Şah bulağı (?) adlandırılıb.

Buzovna qəsəbəsində Səməd ağa Ağamalıoğlu (Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, sovetləşmədən sonra ilk xalq torpaq komissarı) küçəsinə ədəbiyyatşünas Gülrux Əlibəylinin adı verilib.

Həmin qəsəbədəki daha bir küçənin adında isə Ruhulla Axundovu (20-30-cu illərdə partiya-sovet xadimi, Azərbaycanda latın qrafikalı əlifbaya keçidin təşkilatçılarından biri) ədəbiyyatşünas Əziz Mirəhmədov əvəz edəcək.

Şüvəlan qəsəbəsində də Ruhulla Axundovun adı küçədən götürülüb. Həmin küçəyə Qafur Məmmədovun (Sovet İttifaqı Qəhrəmanı) adı verilib.

Türkan qəsəbəsində inqilabçı Xanlar (Səfərəliyev) küçəsi ustad xanəndə Ağaxan Abdullayevin adını yaşadacaq.

Şağan qəsəbəsindəki Məşədi Əzizbəyov (26 Bakı komissarlarından biri) küçəsinə görkəmli aktrisa Səfurə İbrahimovanın adı verilib.