Xaçmaz RMİ-nin əhatə etdiyi Qusar rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, mərkəzin muzey bölməsində təşkil olunan sərgiyə baxıblar.

Mərkəzin direktoru Neva Abdurahmanova çıxış edərək 10 illik fəaliyyət dövründə Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği ilə bağlı həyata keçirilən ideoloji işdən, gerçəkləşən tədbirlərdən, rayonda mədəni mühitin formalaşmasında mərkəzin rolundan danışıb.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev çıxış edərək rayonda ideoloji iş aparan Qusar rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətindəki uğurlardan söz açıb.

Milli Məclisin deputatı Azər Badamov respublikada yaradılan Heydər Əliyev mərkəzlərinin gənclərə vətənpərvərlik və dövlətçilik sevgisini aşılamaq kimi vacib missiyanı həyata keçirdiyini diqqətə çatdırıb.

Daha sonra Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Qusar filialının sədri Canəli Hörmətov çıxış edərək mərkəzin fəaliyyətini yüksək qiymətləndiriblər.

Qusar rayon Heydər Əliyev Mərkəzi Xaçmaz RMİ, YAP Qusar rayon təşkilatı tərəfindən fəxri fərman və diplomla təltif olunub. Mərkəzin direktoru Neva Abdurahmanovaya “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İB-nin Qusar filialının rəhbəri Canəli Hörmətov tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı təqdim edilib.

Yubiley tədbirinə ulu öndər Heydər Əliyevin sevdiyi mahnılardan ibarət konsert proqramı və təbrik çıxışları ilə yekun vurulub.