O, saz-söz sənətimizin görkəmli nümayəndəsi Aşıq Ələsgərin xeyir-duasını almışdı. El şənliklərində həm məlahətli səsi, həm də gözəl rəqsi ilə Qarabağda ad-san qazanmışdı. Ustadlar yadigarı Aşıq Abbasqulunu vəfatının 90 illiyi münasibətilə xatırlayırıq.

Aşıq Abbasqulu 1850-ci ildə Ağdamın Gülablı kəndində dünyaya göz açıb. Məşhur yaradıcı el sənətkarı Aşıq Valehin (1722-1822) nəvəsidir. Dövrün çətinlikləri üzündən o da bir çox klassik aşıq-şairlərimiz kimi məktəb-mədrəsə təhsili almayıb. Ancaq erkən çağlardan aşıq sənətinə dərin maraq göstərib.

Mənbələrdə qeyd olunur ki, həmin dövrdə Gülablıda iki məşhur aşıq dəstəsi olub. Atası oğlunun bu sənətə meylini nəzərə alıb onu Aşıq Nəcəfqulunun ifaçılar dəstəsinə qoşur. O, bu dəstədə bir müddət dəmkeşlik edir. Tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Sonra kənddə daha məşhur olan Aşıq Həsənin kollektivinə qoşulur. Həddən ziyadə məlahətli səsi ona şöhrət gətirir. Molla Pənah Vaqif, Aşıq Valeh, Qasım bəy Zakir və başqalarının müxəmməs, gəraylı və qoşmalarını böyük həvəslə oxuyur.

Aşıq Abbasqulunun həyatında ilk unudulmaz hadisə ustad Aşıq Ələsgərlə görüşü olur. Deyilənə görə, bir gün Aşıq Ələsgər öz  dəstəsi ilə Gülablı kəndinə toy şənliyinə dəvət edilir. Aylı-ulduzlu bir yaz gecəsində qaynar məclis qurulur. Aşıq Ələsgər həmin toy axşamı Qarabağa həsr etdiyi “Qarqar” rədifli təcnisini oxuyur. O, üç gün-üç gecə çalıb-oxuduqdan sonra sazı yerə qoyur. Sonra yerli aşıqları dinləyir. Məclisin dördüncü günü kəndin mötəbər ağsaqqalları ondan xahiş edirlər ki, aşıqlıq sənətinə yenicə qədəm qoyan Abbasqulunu da dinləsin. Razılıq alıb onu məclisə dəvət edirlər. Dədə Ələsgər gənc aşığa deyir: “Oğlum, mən Aşıq Valehin vətənindəyəm. Ona görə də Valehin “Vücudnamə”sini oxusan, mənə daha xoş gələr”.

Gənc aşığın məlahətli səsi, aydın, səlis tələffüzü və gözəl saz çalması ustadı xoşhal edir. Sonra sənətkar üzünü məclis əhlinə tutub “Gülablı camaatı, mərhum Valehin yurdu boş qalmayıb. Bu gün, doğrudan da, Abbasqulunun gözəl oxuması məni məftun etdi...” deyir. 

Ustad aşığın Abbasquluya yüksək qiymət verməsi xəbəri bütün Qarabağa yayılır. O, bir müddət görkəmli şuşalı tarzən Sadıqcanın yanında çalışır. Sadıqcan Abbasqulunun musiqi qabiliyyətini nəzərə alıb və ona muğamlarımızın sirlərini öyrədir. Özü ilə dəvət olunduğu məclislərə aparır. Tiflis şəhərində verdiyi konsertlərdə Abbasqulu da iştirak edir. Bir müddət sonra Xurşidbanu Natəvan Abbasqulunu “Məclisi-üns”ə çağırır. Burada görkəmli sənətkarlarla oturub-durması onun kamil bir aşıq kimi formalaşmasında böyük rol oynayır. Sadıqcanın ansamblında iştirakı isə onu həm də bir muğam ifaçısı kimi tanıdır. Aşıq Abbasqulu ifa zamanı çox gözəl zəngulələr vurur və yerli-yerində muğam xalları işlədir. Çünki o, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər kimi gözəl səsli xanəndələrlə də birgə çalışmış və onların ifaçılıq sənətindən təsirlənmişdi.  Görkəmli muğam ustası Seyid Şuşinski xatirələr kitabında bu haqda yazır: “Bu adamın çalıb-oxumağına qulaq asanda bundakı bacarıq, məharət adamı valeh edirdi. Xüsusilə onun incə və sərrast bir ritmdə oynamağına söz ola bilməzdi. Min təəssüf ki, mən Aşıq Ələsgəri görməmişəm. Amma çox aşıqları eşitmişəm. Onların içərisində Abbasqulunun çalıb-oxumağı heç yadımdan çıxmaz...”.

1902-ci ilin yanvarında Bakıda ilk dəfə “Şərq konserti” təşkil olunur. Bura məşhur xanəndələrlə bərabər Gülablı aşıqları da dəvət olunur. Konsertin ikinci hissəsində çıxış edən Gülablı aşıqları böyük müvəffəqiyyət qazanırlar. “Kaspi” qəzeti 13 yanvar 1902-ci il tarixli nömrəsində yazır: “Konsertin ikinci hissəsində Şuşa qəzasının Gülablı kəndindən dəvət olunan aşıqlar çıxış etdilər. Aşıqlar dəstəsinə Qarabağda məşhur olan Aşıq Nəcəfqulu rəhbərlik edirdi. Aşıq Abbasqulunun  təmiz və cingiltili səslə “Bayatı” oxuması, Nəcəfqulunun balabanda “Bayatı-Şiraz” muğamını zövqlə çalması dinləyiciləri heyran qoydu”.

Aşıq Abbasqulu 1914-cü ildə Almaniyanın “Sport-Rekord” şirkəti tərəfindən bir çox xanəndə və musiqiçilərlə birlikdə Tiflis şəhərinə dəvət olunur. O, burada öz dəstəsi ilə “İkisi bir boyda”, “Neylərsən”, “Dünya əhvalatı”, “Vücudnamə”, “Üçtelli durna”, “Şikəstə”, “Tello” və s. adlı aşıq havalarını qrammofon valına yazdırır.

Musiqişünas Firudin Şuşinski görkəmli sənətkarla bağlı araşdırmasında yazır ki, Aşıq Abbasqulu 1931-ci ilin yazında bir daha Bakıya dəvət olunur. Şəhərin musiqi həvəskarları sənətkarı unutmadıqları üçün konsertə sonsuz maraq göstərirlər. Konsert günü Dram Teatrının kassasında bilet qalmır. Bilet tapmayan yüzlərlə tamaşaçının tələb və narazılığını nəzərə alan Konsert Birliyinin müdiriyyəti aşıqların ikinci konsertinin Dövlət Filarmoniyasının binasında olacağını elan edir. Aşıq Abbasqulunun konserti təkcə onun pərəstişkarlarının deyil, Bakının məşhur musiqi xadimlərinin də diqqətini çəkir. Onun incə səsinə, mahir çalğısına qulaq asmaq, son dərəcə çevik və ritmik rəqsinə tamaşa etmək üçün konsertə görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və başqa musiqi xadimləri də gəlirlər...

Aşıq Abbasqulu oxuduğu el havalarında insanları nəcib, mərd, cəsarətli, dostluqda möhkəm, həm də vətənpərvər olmağa səsləyib. Bir el aşığı, xalq müğənnisi kimi dinləyicilərin sevimlisinə çevrilib. Tanınmış aşıq-xanəndə 1932-ci ildə vəfat edib. Gülablı kəndində dəfn olunub.

Savalan Fərəcov