Tələt Qasımov musiqi nümunələrinin orijinallığını qoruyub saxlamaqla yanaşı, onları öz xalları ilə zənginləşdirib

 

Azərbaycan muğam ifaçılığı sənətində öz dəst-xətti olan sənətkarlardan biri də Xalq artisti Tələt Qasımovdur. Görkəmli xanəndə yüksək ifa mədəniyyəti, ürəyəyatımlı səsi ilə dinləyici və tamaşaçının mənəvi aləminə nüfuz edə bilib. Bənzərsiz sənətkarlıq bacarığı ona dövrünün görkəmli muğam bilicilərinin hörmət və ehtiramını qazandırıb.

Tələt Məmmədağa oğlu Qasımov 21 iyun 1933-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərir. Gənc ikən Abşeronun el şənliklərində Seyid Şuşinski, Хan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Qurban Pirimov, Bəhram Mansurov, Aşıq Şakir kimi görkəmli sənətkarların ifalarını maraqla dinləyir. Gələcəklə bağlı gözəl xəyallar qurur, bu tanınmış musiqiçilərin sənətindən çox şeylər öyrənir.

Araşdırmalarda qeyd edilir ki, onu xanəndəlik sənətinə gətirən yol dini musiqidən keçib. O, müsahibələrinin birində deyib: “Cavan vaxtlarım idi. Klassik şairlərimizin mərsiyələrini çox oxuyurdum. Buna görə də məni dini məclislərə də dəvət edirdilər. Bununla da muğam avazlarını, həm də muğam ifaçılığı üçün uyğun olan qəzəl, qəsidələri öyrənirdim. Amma bununla yanaşı Zülfü Adıgözəlov və Hacıbaba Hüseynov sənətinin pərəstişkarı idim”.

Həqiqətən də, Z.Adıgözəlov və H.Hüseynov onun xanəndə kimi formalaşmasına böyük təsir göstərirlər. Beləliklə, çox keçmir Tələt Qasımov öz dəst-xətti ilə seçilən xanəndə kimi tanınır. Sənətinin şöhrəti Azərbaycanın ən ucqar yaşayış məntəqələrinə çatır.

Tələt Qasımov 1954-1993-cü illərdə Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Konsert Birliyinin solisti kimi fəaliyyət göstərir. Ömrünün müdrik çağlarında da xanəndəlik sənətinin ən fəal təbliğatçısı olur. Eyni zamanda sələflərinin ifaçılıq ənənələrini layiqincə davam etdirir. Özünəməxsus ifa üslubu ilə seçilərək musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr verir. Azərbaycan xanəndəlik məktəbi ənənələrinə sədaqət, muğamın klassik ifa tərzinin qorunub saxlanılması Tələt Qasımovun sənət fəaliyyətinin başlıca qayəsi olub.

Akademik Bəkir Nəbiyev xanəndə haqqında deyib: “Tələt Qasımov dostlarım arasında bir çox fərdi keyfiyyətləri ilə seçilən sənətkardır. O, çox yüksək insani keyfiyyətlərə, gözəl səs və şirin kəlamlara sahibdir. Təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınan və sevilən sənətkarlarımızdan  biridir. Onun muğam ifasında söz çox ahəngdar səslənir. Təşbeh və istiarələr dəqiq tələffüz edilir. Rəvan kəlamını dinlədikcə dinləmək istəyirsən...”.

Akademik Vasim Məmmədəliyev isə Tələt Qasımovu xalq musiqisinə dərindən bələd olan, öz oxu tərzini yüksək bədii zövqlə tamaşaçıya çatdıran xanəndə kimi xarakterizə edib: “O, oxuduğu muğam, xalq mahnı və təsniflərinə xüsusi bir rəng qatır. Musiqi nümunələrinin orijinallığını qoruyub saxlayan Tələt Qasımov onları öz xalları, zəngulələri ilə yeni üslubda təqdim edir. Bu da əsl sənətkara xas olan keyfiyyətdir. Bunu ancaq dərin sənət təcrübəsi olan sənətkarlar edə bilir”.

Tələt Qasımov respublikanın hüdudlarından kənarda – Türkiyə, İran, Almaniya, Rusiya, Misir, Əlcəzair, Tunis və Mərakeşdə qastrol səfərlərində Azərbaycan musiqisini layiqincə təbliğ edib, müxtəlif xalqların nümayəndələri muğamlarımızı onun məlahətli ifasında seviblər. Eyni zamanda onun usta ifaçılığı yeni musiqiçilər nəslinin yetişməsi üçün mühüm rol oynayıb.

Görkəmli sənətkar bir çox muğam və təsniflərimizi xüsusi şövqlə ifa edib. Xanəndənin ifasında “Rast”, “Şur”, “Segah-zabul” muğam-dəsgahları, “Şüştər” təsnifi Azərbaycan Televiziya və Radiosunun “qızıl fond”unda saxlanılır.

Ustad sənətkarın xanəndəlik fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 2002-ci ildə Prezidentin fərdi təqaüdünə, 2006-cı ildə “Xalq artisti” fəxri adına layiq görülüb. Tələt Qasımov 28 iyul 2013-cü ildə vəfat edib.

Savalan