Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin və YARAT Müasir İncəsənət Məkanının birgə layihəsi olan “Mədəni yenilənmə” layihəsinin növbəti qonağı Azərbaycanın və Rusiyanın Əməkdar artisti, teatr və kino aktyoru, rejissor Timur Bədəlbəyli olub. 16-17 iyun tarixlərində YARAT-da həmkarları, sənətşünaslar, eləcə də media mənsubları ilə görüşən Timur Bədəlbəyli təcrübəsindən, keçdiyi sənət yolundan söhbət açıb, yaradıcılıq planlarından bəhs edib.

İyunun 23-də sənətçi ilə Mədəniyyət Nazirliyində də görüş keçirilib. Nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalovanın Timur Bədəlbəyli ilə görüşündə müasir teatrın inkişaf perspektivləri, mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Timur Bədəlbəyli ilə daha bir görüş Bakı Kitab Mərkəzində keçirilib. “Uzaq yaxın bizimkilər” layihəsi çərçivəsində gerçəkləşən görüşdən əvvəl Timur Bədəlbəyli jurnalistlərə müsahibəsində Rusiyada yaradıcılıq fəaliyyətindən danışıb və Bakı səfərinin məqsədini açıqlayıb.

Rusiyada boya-başa çatan aktyor qeyd edib ki, həyatının bir hissəsi Bakı ilə bağlıdır. Rusiyada fəaliyyət göstərməsinə baxmayaraq bir neçə dəfə filmlərə çəkilmək üçün Bakıya dəvət edilib. 2006-cı ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Əlvida, cənub şəhəri” filmindəki roluna görə mükafatlara da layiq görülüb.

Rusiyada bir sıra filmlərdə və seraillarda rol alan aktyor Azərbaycanda filmlərin nisbətən az çəkildiyini deyib. O, ümidvar olduğunu bildirib ki, Kino Agentliyinin yaradılmasından sonra ölkədə kinematoqrafiya inkişaf edəcək.

20 ildən artıq Moskva Taqanka Teatrında çalışan aktyor özünü teatr rejissorluğunda sınamaq istədiyini bildirib. Qeyd edibki, teatrlar transformasiya dövrünü yaşayır, repertuarını nazirliyin tərtib etdiyi proqrama əsasən qurur.

Timur Bədəlbəyli bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığa başlamaq niyyətindədir: “Mən daha çox klassik əsərlərə quruluş vermək istərdim. Müasir müəlliflər məni o qədər də cəlb etmir. Taqanka Teatrında həmişə klassik tamaşalarda rol almışam, Şekspir, Dostoyevski kimi dahilərin əsərlərini səhnələşdirmişik. Mədəniyyət Nazirliyinə quruluş verdiyimiz əsərlərdən bir neçəsini təklif etdim. Ümid edirəm ki, bir razılığa gələcəyik...”.

Görüşdə Timur Bədəlbəyli gitarada Rusiyanın görkəmli aktyoru, şair və bəstəkar Vladimir Vısotskinin repertuarından mahnılar oxuyub, həmçinin özünün yazdığı şeirləri səsləndirib. Sonra Mixail Bulqakovun “Master və Marqarita” əsəri əsasında tamaşadan Korovyev obrazının monoloqunu ifa edib. Sonda Timur Bədəlbəyli görüş iştirakçılarının suallarını cavablandırıb.