Tarix Muzeyində sərgi açılacaq

 

İyulun 1-də “Mincə sənət” incəsənət qalereyasının təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində “Məni evinə apar” layihəsinin təqdimatı keçiriləcək. Layihə çərçivəsində 8 azərbaycanlı rəssam və kanadalı Kristian Frederiksenin Qarabağ səfərindən sonra çəkdikləri əsərlərin sərgisi açılacaq.

Qalereyanın rəhbəri Fidan Bədəlovanın sözlərinə görə, “Məni evinə apar” adlı sərgi mədəniyyətlərarası təcrübə mübadiləsinin birgə məhsuludur. Otuz ilə yaxın sürən erməni işğalından sonra Azərbaycan öz ərazilərini azad etdi. Tezliklə bu torpaqların sakinləri dədə-baba yurdlarına qayıdacaqlar. Dünya ictimaiyyətə bu Zəfəri və tarixi qayıdışı sənət əsərləri ilə göstərmək, tanıtmaq lazımdır.

Bu məqsədlə səkkiz azərbaycanlı rəssam – Ramiz Abbasov, Reyhan Aslanova, Fidan Hümbətli, Vüsalə Ağaraziyeva, Vüsal Rahim, Yusif Mirzə, Şafiq Osmanov, Tural Moyufov kanadalı həmkarları ilə Ağdam, Şuşa, Laçın və Qarabağın digər bölgələrinə səfər ediblər. Azərbaycan və Kanada rəssamlarının əsərlərində ailə, məkan, adət-ənənə və təbii ki, Qələbə və qayıdış mövzuları əksi olunur. Sərgidə ziyarətçilər rəssamların mövzuya və qarşılaşdığı mənzərəyə münasibətini görüb müqayisə edə biləcək.

Tarix Muzeyində “Məni evinə apar” sərgisi iyulun 8-dək davam edəcək.