Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə “ad hoc” alt komitəsinin iclasında iştirak etmək məqsədilə Parisə səfər edib.

Dövlət Xidmətindən verilən məlumata görə, UNESCO-nun qərargahında keçirilən iclasda “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də sözügedən mexanizmlərin gələcəkdə effektiv tətbiqi istiqamətində müzakirələr aparılıb.

İclasda Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev də iştirak edib.

Nümayəndə heyəti tərəfindən ölkəmizin mövqeyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. Gündəlikdə müzakirə edilən mövzu ilə bağlı müvafiq şərhlər verilib və təkliflər irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası UNESCO-nun Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitəsinə 2021-ci ilin dekabr ayında üzv seçilib.