“Tamamilə dağıdılmış 10 min kvadrat kilometr ərazidə yeni həyat qururuq...”

 

Vətən müharibəsində Zəfərdən ötən təxminən ilyarım müddətində işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Yurd yerlərimizin dirçəldilməsi ilə bərabər, bu şanlı qalibiyyətin, eləcə də otuzillik işğalın izlərinin tarixin yaddaşında yaşadılması və gələcək nəsillərə çatdırılması da ümdə vəzifələrdən biridir. Məhz bu məqsədlə bərpa və quruculuq işləri aparılan rayonların gələcək inkişaf layihələrində, baş planlarında Zəfər və İşğal muzeyləri komplekslərinin yaradılması da nəzərdə tutulur.

Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarından sonra Kəlbəcər rayonunda da Zəfər və İşğal muzeyləri inşa ediləcək. İyunun 26-da Prezident İlham Əliyev bölgəyə səfəri zamanı Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub. Dövlət başçısı  muzeyləri layihələndirən “ACN” şirkətinin nümayəndələri ilə görüşüb.

Mədəniyyət Nazirliyinin italyan mütəxəssislərlə əməkdaşlığı nəticəsində ərsəyə gələn kompleksin ilkin konsepsiya layihəsi barədə dövlət başçısına ətraflı məlumat verilib. “ACN” şirkətinin icraçı direktoru Laura Konti diqqətə çatdırıb ki, kompleksin dizaynı Kəlbəcərin özünəməxsus təbii landşaftı ilə harmoniya təşkil edəcək.

Kompleks İşğal muzeyi, Zəfər muzeyi və dağıntılardan ibarət Memorial parkdan ibarət olacaq. Kompleks üçün nəzərdə tutulan ərazi köhnə şəhər qəbiristanlığı olan təpənin ətəyində yerləşir. Bu da kompleksə daxil olan muzeylərin şəhərin hər bir tərəfindən aydın şəkildə görünməsinə imkan yaradır. Kompleksə ayrılan ərazi köhnə şəhər qəbiristanlığı boyunca uzanaraq təbii şəkildə iki hissəyə ayrılır. Sol hissədə Zəfər muzeyi, sağda isə İşğal muzeyi yerləşəcək. Mərkəzi hissədə monumental pilləkənlər ziyarətçiləri köhnə şəhər qəbiristanlığına doğru aparacaq.

Hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Onu da qeyd edək ki, xarici mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfəri zamanı buradakı dağıntılar lentə alınır. Belə fotolarda bir qisminin yer aldığı “Agdam delenda est” adlı sərgi bu yaxınlarda ABŞ-ın Nyu-York şəhərində də nümayiş etdirilib. Həmin sərginin kataloqu və sərgidə nümayiş olunmuş fotoşəkillərdən biri Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksi layihəsi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə təqdim edilib.

Prezident Kəlbəcər şəhərinin Baş planı ilə də tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov plan barədə məlumat verib. Bildirilib ki, Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

Xatırladaq ki, Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı  Toğanalı (Göygöl rayonu) – Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə də tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” kiçik su elektrik stansiyasının və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışlarında iştirak edib. Prezident Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub. Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Dövlət başçısı həmçinin Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub.

Prezident, Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib. Prezident qeyd edib ki, biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir: “Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi – artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır”.

Dövlət başçısı bildirib ki, bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdi: “Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

 

“Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın

 

Prezident vurğulayıb ki, müharibədən sonra Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən: “Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

“Biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qeyd edirik, qürurla qeyd edirik. Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq” deyən dövlət başçısı qeyd edib ki, biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma biz istəyirik ki, bizim maraqlarımız təmin olunsun. Biz istəyirik ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Deyə bilərəm ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar: “Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar – nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü Ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər...”.

Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfərinin sonunda yeni “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.

Prezidentin İşlər müdiri Ramin Quluzadə görüləcək işlərlə bağlı məlumat verib. Bildirilib ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” istirahət-müalicə kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. Diqqətə çatdırılıb ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev “İstisu” sanatoriyasının, eləcə də “İstisu” mineral su zavodunun təməlinin qoyulmasının Kəlbəcər rayonunun gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

 

“Əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq”

 

“Vaxtilə məşhur olan İstisu suyu yenidən istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda, arxada gördüyünüz “İstisu” sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə – İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtilə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb.

Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki “İstisu” sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz – bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik...”, – deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir: “Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Görün, həm Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan nə qədər genişmiqyaslı işlər görülür. Çünki bunlar – elektrik enerjisi və yol əsasdır. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz...”.

Dövlət başçısı Kəlbəcər şəhərinin Baş planı ilə bağlı fikirlərini də bildirib. Qeyd edib ki, planı hazırlayan şirkət Zəngilan şəhərinin Baş planını da hazırlayıb: “Mən o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması, əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik”.

Laçın rayonunda yeni aeroportun inşasının da bölgə üçün əhəmiyyətini vurğulayan İlham Əliyev qeyd edib ki, hava limanı 2024-cü ildə açılacaq və bu, bu bölgədə turizm zonasının inkişafına mühüm zəmin olacaq. “Yəni, biz hərtərəfli iş görürük – həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər... Biz isə qurub-yaradan xalqıq. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadrat kilometr ərazidə yeni həyat qururuq...”, – deyə İlham Əliyev əlavə edib.

Prezident vurğulayıb ki, bütün bu işlərin miqyası bir daha xalqımızın böyüklüyünü göstərir: “Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.