İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Turizm Nazirləri Konfransının XI sessiyasına bu il Azərbaycan ev sahibliyi edir. 27-29 iyun tarixini əhatə edən sessiya “Yerli icmaların turizmin inkişafında rolu” mövzusuna həsr olunub.

İyunun 28-də Bakıda sessiyanın əsas toplantısı – yüksəkvəzifəli şəxslərin iclası keçirilib. İclasda təşkilata üzv dövlətlərin turizm üzrə məsul şəxsləri, nazirlər, nazir müavinləri, səfirlər – ümumilikdə 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.

İclasda Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev tərəfindən Prezident İlham Əliyevin müraciəti oxunub. Müraciətdə İƏT-in Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri olması, Azərbaycanın hər zaman İƏT-in fəaliyyətini dəstəklədiyi, üzv dövlətlər arasında həmrəyliyin, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərdiyi qeyd olunub. Həmçinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi vurğulanıb. Pandemiyadan əvvəlki üç il ərzində İƏT-ə üzv dövlətlərdən ölkəmizə 3 milyondan çox turist gəldiyi qeyd olunaraq, qarşıdakı illərdə üzv dövlətlərdən turist axınının sürətlənəcəyinə və turizm əlaqələrinin daha da genişlənəcəyinə inam ifadə olunub.

İclasda çıxış edən DTA sədri Fuad Nağıyev Azərbaycanın İƏT-ə üzv olan dövlətlərlə qarşılıqlı turizm əlaqələrinin inkişaf etdiyini, Azərbaycana İslam ölkələrindən gələn turistlərin say nisbətinin ümumi turistlərin 55 faizini təşkil etdiyini diqqətə çatdırıb. Agentlik sədri Azərbaycanda turizm sənayesinin postpandemiya dövründə sürətlə bərpa olunmağa başladığını, artıq ilin ilk 5 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayının keçən illə müqayisədə 118 faiz artdığını qeyd edib.

Fuad Nağıyev Azərbaycanın azad edilmiş torpaqlarında işğal müddətində dini əhəmiyyətli tarixi abidələrin, irs nümunələrinin, məscid və türbələrin məhv edildiyi, dövlətimiz tərəfindən Qarabağın və işğaldan azad olunan digər ərazilərin bərpası istiqamətində irimiqyaslı işlərin görüldüyü haqqında məlumat verib.

İƏT-in Baş katibi Hissein Brahim Taha yüksək təşkilatçılığa görə Azərbaycan tərəfinə təşəkkür edərək, təşkilat üzvləri arasında turizm əlaqələrinin genişlənməsinin İslam həmrəyliyinə töhfə verdiyini qeyd edib.

İclasda “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunub, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.

Sonda yekun qətnamə və “Bakı Bəyannaməsi” qəbul edilib.

Qətnamədə Azərbaycanın azad olunmuş torpaqlarda işğal zamanı təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib. Azad olunan torpaqlarda infrastrukturun inkişaf layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsinin vacibliyi vurğulanıb.

“Bakı Bəyannaməsi”ndə qarşılıqlı maraqlar əsasında üzv ölkələr arasında sağlamlıq, eko, mədəni və kənd turizminin inkişafı, birgə təşəbbüslərin dəstəklənməsi, sərgilərdə iştirak üzrə əməkdaşlıq, dayanıqlı turizmin inkişafı istiqamətində müştərək tədbirlərin həyata keçirilməsi, İslam mədəni və tarixi irsinin qorunması və təbliği, turizmin İslam haqqında təsəvvürlərin təkmilləşməsində oynayacağı rol, maliyyə institutlarının və özəl sektorun üzv dövlətlərdə turizmə investisiya qoyuluşuna cəlbi kimi məsələlər öz əksini tapıb.

İƏT üzvləri turizm nazirlərinin növbəti, 12-ci görüşünün Mərakeş Krallığında keçirilməsi qərara alınıb.

Həmçinin 2023-cü il üçün Türkiyənin Şanlıurfa şəhəri və 2024-cü il üçün isə Özbəkistanın Xivə şəhəri İslam dünyasının paytaxtı seçilib.

Konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.