Milli Kitabxana MDB kitabxanaçılarının konfransında təmsil olunub

 

İyunun 29-da Azərbaycan Milli Kitabxanası Elmi-tədqiqat və metodik təminat şöbəsinin müdiri Aygün Koçak və Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsinin müdiri Şəhla Nağıyeva Qırğızıstanın Karakol şəhərində MDB kitabxanaçılarının beynəlxalq konfransında iştirak ediblər.

“Birlik ölkələrinin mədəni və təbiət irsi: kitabxanaların rolu və yeri” adlı konfrans  “Karakol – 2022: MDB-nin mədəniyyət paytaxtı” proqramı çərçivəsində gerçəkləşib. Aygün Koçak konfransda “Azərbaycan Milli Kitabxanasının əhalinin ekoloji mədəniyyətinin formalaşmasında rolu” adlı məruzə və təqdimatla çıxış edib.

Konfransda Alıqul Osmonov adına Qırğızıstan Milli Kitabxanasının direktoru Nurjan İmankulova “Qırğızıstan kitabxanaları ekoloji təhsil və mədəni dəyərlərin təbliği sistemində” adlı məruzə ilə çıxış edib.

Rusiya Dövlət Kitabxanası, B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanası, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası, Qərbi Qazaxıstan Həmzə Esenjanov adına Uşaq və Gənclər Vilayət Kitabxanası və T.Sıdıkbekov adına İssık-Kul Vilayət Kitabxanasının əməkdaşları müxtəlif mövzulara toxunublar.