Mədəniyyət naziri Anar Kərimov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətullah Zərqami ilə görüşüb. Qonaq İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Turizm Nazirləri Konfransının XI sessiyasında iştirak etmək üçün ölkəmizə səfər edib.

Görüşdə iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməlinin qarşılıqlı etimad üzərində qurulduğunu diqqətə çatdıran Anar Kərimov mədəni və humanitar sahədə əməkdaşlıqdan söz açıb.

Seyid İzzətullah Zərqami öz növbəsində ölkələrimiz arasında tarixən mövcud olan və uğurla davam edən möhkəm dostluq münasibətlərindən bəhs edərək bu xüsusda kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu deyib.

Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında dağıdılmış həm müsəlman, həm də xristian dininə aid məbədlərin eyni həssaslıqla bərpa olunması yüksək qiymətləndirilib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın ümumilikdə İslam dünyası üçün yüksək dəyər kəsb etdiyi qeyd olunub. Həmçinin qlobal problemlərdən sayılan islamofobiya ilə mübarizədə birgə əməkdaşlığın önəmi vurğulanıb.

Eləcə də Qarabağda davam edən bərpa və quruculuq işlərində İranın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

Xudafərin körpüsünün birgə bərpası məqsədilə anlaşma memorandumunun imzalanması barədə də fikir mübadiləsi aparılıb.

Görüş tərəfləri maraqlandıran bir sıra mövzuların müzakirəsi ilə davam edib.