İsveçin Azərbaycandakı səfiri Kristian Kamill iyunun 30-da ailə üzvləri ilə Milli Kitabxanada olub.

Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi münasibətilə “Linnaeus Apostles: Global Science and Adventures” (“Linneyin apostolları: qlobal elm və macəralar”) çoxcildliyinin təqdimatı keçirilib. Kitab məşhur İsveç naturalist alimi və səyyahı Karl Linneyin və onun yetirmələrinin müxtəlif qitələrə olan səyahəti və apardıqları qeydlərdən bəhs edir.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq bildirib ki, təqdimatın keçirildiyi Beynəlxalq əməkdaşlıq zalında 14 ölkənin guşəsi var. Ümid edirik ki, burada növbəti, 15-ci guşə İsveçin olacaq. Direktor təqdimatı keçirilən nəşrin İsveçə dair gələcəkdə yaradılacaq guşənin ilk kitabları olacağını deyib. Kərim Tahirov İsveç Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında həyata keçirilən kitab mübadiləsi barədə məlumat verib.

Kristian Kamill təqdimatın təşkilinə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu, iki ölkə arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biridir. Diplomat İsveç və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da möhkəmlənəcəyinə inandığını bildirib.

Sonra səfir isveçli səyyah və alim Karl Linneyin tələbələrinin dünyanın 60-dan çox ölkəsinin təbiəti, mədəniyyəti, tarixi və etnoqrafiyası haqqında əlyazma və qeydlərinin əks olunduğu 8 cildlik kitabı Milli Kitabxanaya təqdim edib.

Kərim Tahirov diplomata “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”,  “Salam, Azərbaycan!” və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını hədiyyə edib.

Səfir və ailə üzvləri Milli Kitabxana ilə yaxından tanış olublar. Qonaqlara “Açıq kitabxana”, Nadir kitablar və kitabxana muzeyi şöbəsi, Uşaq guşəsi və digər şöbələr haqqında məlumat verilib.