Forum Azərbaycanın ərazilərin bərpasına dair təcrübəsini bölüşməyə imkan verəcək

 

26-30 tarixində Polşanın Katovitse şəhərində keçirilən Dünya Şəhər Forumunun (World Urban Forum – WUF) “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzulu 11-ci sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) mütəxəssisləri ilə görüş keçirib. Görüşdə işğaldan azad edilmiş ərazilərdə görülən işlər də diqqətə çatdırılıb. Söhbət zamanı qeyd olunub ki, yaxın gələcəkdə UN-HABITAT tərəfindən Azərbaycana texniki missiya göndəriləcək.

Qeyd edək ki, bu il Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində UN-HABITAT ilə birlikdə Milli Şəhər Forumunun keçirilməsi də nəzərdə tutulur.

İyunun 27-də sessiyada videoformatda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, BMT-nin Məskunlaşma Proqramı ilə birgə bu məsələ müzakirə edilir.

Dövlət başçısı nəzərə çatdırıb ki, bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində UN-HABITAT-ın icraçı direktoru xanım Maimuna Mohd Şərif azad olunmuş Ağdam şəhərinə səfər edib və dağıntıların miqyasının şahidi olub. “Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik”, – deyə İlham Əliyev vurğulayıb.

Dünya Şəhər Forumunun sessiyasında iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Azərbaycanın postmünaqişə dövründə ərazilərin bərpasına dair təcrübəsini Ağdamda keçiriləcək forumda bölüşmək və digər ölkələrin bu təcrübədən faydalanmasına şərait yaratmaq mümkün olacaq.

Sessiyada nazirlər səviyyəsində keçirilən dəyirmi masada Azərbaycanın şəhərsalma və məskunlaşma sahələrindəki prioritetləri barədə məlumat verilib. Qeyd edilib ki, işğal dövründə şəhər və yaşayış məntəqələrinin tamamilə dağıdılması, infrastrukturun məhv edilməsi və ərazilərin minalanması bərpa işlərinin sürətlə aparılmasına mənfi təsir göstərir.

Dünya Şəhər Forumunun 11-ci sessiyasında Şuşada aparılan bərpa-quruculuq işlərindən də danışılıb. Sessiya çərçivəsində lokal və regional idarəçilik orqanları rəhbərlərinin dəyirmi masası keçirilib. Dəyirmi masada dünyanın müxtəlif ölkələrində şəhər idarəçiliyinə dair təcrübələr təqdim olunub.

Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov tədbirdə çıxış edib. O bildirib ki, dövlətimizin başçısının sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə xüsusi idarəçilik formaları təsis edilib. Yeni idarəçilik forması işğaldan azad edilmiş ərazilərdə, eləcə də Şuşa şəhərində bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı, eləcə də dövlət-vətəndaş arasında yeni keyfiyyət standartlarına söykənən xidmətlərin göstərilməsi üçün məqsədyönlü fəaliyyət göstərir.

Xüsusi nümayəndə vurğulayıb ki, Şuşada 200-ə yaxın tarix və mədəniyyət abidəsi var. Təəssüflər olsun ki, abidələrin bir hissəsi işğal zamanı tamamilə məhv edilib, qalanları isə yararsız vəziyyətə düşüb. Şuşa qalası, o cümlədən 4 abidə artıq bərpa olunub.

Aydın Kərimov deyib ki, bərpa və quruculuq işlərinin sistemli şəkildə aparılması məqsədilə ötən ilin aprel ayından şəhərin Baş planı hazırlanıb. Baş plana əsasən, 50 min kvadratmetr sahədə 16 qəzalı yaşayış binası sökülərək yeni məktəb binası, xəstəxana, yeni məscid, 5 ulduzlu hotel, konfrans mərkəzi və televiziya qülləsinin tikintisinə başlanılıb. Hazırda nüfuzlu xarici ekspertlər qrupu tərəfindən yeni dayanıqlı su təchizatı və kanalizasiya sistemi şəbəkəsi layihələndirilir və bu işlər cari ilin payızında başa çatdırılmalıdır. 2023-cü ilin əvvəlindən şəbəkə tikintisi işlərinə başlanacaq.