Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 75 illiyi münasibətilə iyulun 1-də AMEA Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə elmi sessiya keçirilib.

Tədbirdə əvvəlcə bəstəkarın həyat və yaradıcılığından bəhs edən “Firəngiz Əlizadənin yaradıcılıq səhifələri” adlı sənədli film nümayiş olunub. Filmdə bəstəkarın əsərlərinin məşhur orkestrlər, musiqiçilər tərəfindən ifası, elm və incəsənət xadimlərinin F.Əlizadə haqqında söylədikləri fikirlər yer alıb. Bəstəkarın “Habilsayağı”, “Dərviş”, gitara üçün “Fantaziya”, “Muğamsayağı”, “Nağıllar”, “Dəniz”, “İthaf”, “Nasimi Passion” əsərlərindən, “İntizar” operasından parçalar təqdim olunub. Bu əsərlər Niderlandda – “Amsterdam Royal Concertgebouw” zalında, Almaniya, İsveçrə, Fransa, Portuqaliya, Argentina və  digər ölkələrdə səslənib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək yubilyarın yaradıcılığından söz açıb. Bildirib ki, Firəngiz Əlizadə türk-müsəlman dünyasının Avropanı fəth etmiş ən dəyərli bəstəkarlarından biridir. Görkəmli bəstəkar Azərbaycan motivini və fəlsəfəsini Qərb musiqisinin dili ilə dünya ictimaiyyətinə çatdırır. Firəngiz Əlizadənin yaradıcılığını Azərbaycanla dünya musiqisi arasında mənəvi körpüyə bənzədən akademik bu mənada bəstəkarın fəaliyyətinin dünyəvi əhəmiyyətə malik olduğunu qeyd edib.

Akademik İsa Həbibbəyli Firəngiz Əlizadənin eyni zamanda Azərbaycan musiqişünaslıq elmini zənginləşdirən dəyərli ziyalı olduğunu vurğulayıb, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq nailiyyətləri arzu edib.

Yubiley tədbirində AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın “Azərbaycan xalqının görkəmli bəstəkarı”, professor Həcər Babayevanın “Firəngiz Əlizadə və azərbaycançılıq”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülarə Vəzirovanın “Firəngiz Əlizadənin yaradıcılığının əsas mərhələləri” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamovanın “Firəngiz Əlizadənin balet musiqisi” mövzusunda məruzələri dinlənilib.

Diqqətə çatdırılıb ki, Firəngiz Əlizadə görkəmli bəstəkar və musiqişünas olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, hər zaman gənc bəstəkarlara diqqət və qayğı göstərir. Firəngiz xanımın yaradıcılığı yalnız ifaçılarımız üçün deyil, musiqi elmimiz üçün də dəyərli mənbədir.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru Ərtegin Salamzadə, görkəmli musiqişünas, akademik Zemfira Səfərova çıxış edərək yubilyarın ömür salnaməsindən, zəngin yaradıcılıq fəaliyyətindən, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıblar.

Sonda Firəngiz Əlizadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib, Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da əzmlə çalışacağını vurğulayıb.

Fidan Nəsirova
Ü.Hacıbəyli adına BMA-nın Elmi-tədqiqat laboratoriyasının elmi işçisi