Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Reynhard Hessin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabının təqdimatı keçirilib.

QMKİDK-nin mətbuat xidmətindən bildirilib ki, təqdimatda kitabın əcnəbi müəllif tərəfindən Şuşa haqqında xarici dildə və ölkədən kənarda çap olunmuş ilk elmi fundamental monoqrafiya olduğu diqqətə çatdırılıb. M.Hessin Azərbaycanın ən yaxın dostu olduğu, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi böyük həvəslə öyrəndiyi və təbliğ etdiyi vurğulanıb.

M.Hess qeyd edib ki, kitabı yazmaqda məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Alim apardığı araşdırmalara verdiyi dəstəyə görə ölkəmizin müvafiq qurumlarından və elmi dairlələrindən razılıq ifadə edib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Rizvan Nəbiyev alman alimin bu günədək Azərbaycanla bağlı olan fəaliyyəti, həmçinin bu ilin əvvəllərində çapdan çıxmış Şuşa haqqında kitabı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, M.Hess Şuşanın yalnız beynəlxalq hüquqa görə və siyasi-tarixi baxımdan deyil, həm də misilsiz ədəbi, mədəni və etnoqrafik irsinə görə Azərbaycan xalqına məxsus olduğunu kitabda təkzibolunmaz dəlil və sübutlarla göstərə bilib.

Şuşalı ziyalılardan Yunis Hüseynov, Vasif Quliyev, komitə yanında İctimai Şuranın sədri Anar Xəlilov və başqaları tədbirdə çıxış edərək kitabı yüksək qiymətləndirib, alimə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Təqdimat başa çatdıqdan sonra Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Mixael Hess Şuşadan məcburi köçkün, əslən alman olan 80 yaşlı xanım İrma Veberlə görüşüblər. İkinci Dünya müharibəsinə qədər Rusiyada Volqaboyu ərazidə yaşamış alman ailələrdən biri kimi Veberlər 1941-ci ildə deportasiyaya məruz qalaraq, Sibirə köçürülüblər. İrma xanımın dul qalmış anası burada əslən Şuşadan olan azərbaycanlı bir şəxslə yenidən ailə qurub. Həmin izdivacdan bir oğlan və bir qız dünyaya gəlib. Sonra ailə Şuşa şəhərinə köçüb. İrma xanım da burada 4 nömrəli məktəbdə işləyib, 1992-ci ildə isə Şuşadan məcburi köçkün olaraq Bakı şəhərinə pənah gətirib. M.Hess şuşalı alman xanımın həyat hekayəsini maraqla dinləyib, onunla səmimi söhbət edib. Daha sonra ona “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabını imzalayaraq ona hədiyyə edib.

M.Hess Bakıda məcburi köçkün ailəsinin toyunda iştirak edib, Azərbaycan adət-ənənəsi ilə bir daha yaxından tanış olub.

Xatırladaq ki, “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı Mixael Reynhard Hessin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı qələmə aldığı sayca üçüncü kitabıdır. Onun Azərbaycanın obyektiv mövqeyini əks etdirən “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kitabı 2016-cı ildə alman dilində Berlində, “Qarabağ XIII əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” kitabı isə 2020-ci ildə ingilis dilində Münxendə çap edilib.