2019-2021-ci illərdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsi (IWHC) ümumilikdə 350 tarixi mədəniyyət abidəsini İslam Dünyası İrsi Siyahısına (IWHL) daxil edib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu barədə iyulun 4-də İslam Dünyası İrs Komitəsinin Rabatda (Mərakeş), təşkilatın qərargahında keçirilən 10-cu iclasında bildirib. O vurğulayıb ki, təşkilat İslam dünyasında mədəni irs abidələrinin qeydiyyatı ilə yanaşı, onların mühafizəsini də prioritet vəzifə hesab edir. Bu məqsədlə ICESCO-ya üzv ölkələrin mütəxəssisləri üçün təlim kursları təşkil olunur, təcrübə mübadiləsi aparılır.

İslam Dünyası İrs Komitəsinin sədri Valid əl-Seyf təşkilata üzv ölkələrdə qeydə alınmış irs abidələrinin qeydiyyatı prosesindən bəhs edib, İslam ölkələrində tarixi abidələrdən ibarət xəritənin tərtib edildiyini diqqətə çatdırıb.

Komitənin iclasında İslam Dünyası İrsi Siyahısına əlavə ediləcək mədəni irs abidələri ilə bağlı hesabat da təqdim olunub. 141 tarixi məkanın və mədəni elementin İslam Dünyası İrsi Siyahısına (ilkin və yekun siyahılar) daxil etmək qərara alınıb. Beləliklə, IWHL-də ümumi nümunə sayı 34 ölkədən 473 tarixi məkan və mədəniyyət elementinə çatıb. O cümlədən 49 element (21 tarixi yer və 28 mədəni element) yekun siyahıya salınıb.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrsi Siyahısına daxil edilib.