Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcək.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində deyib.

Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib.