2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşəbbüsü və iştirakı ilə bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Buraya Şuşa şəhərində 1-ci Türk Dünyası Teatr Festivalının keçirilməsi də daxildir.

Bu məsələ TÜRKSOY-un Baş katibi Sultan Raevin Türkiyə Dövlət Teatrlarının baş direktoru Mustafa Kurt ilə görüşündə nəzərdən keçirilib. Görüşdə 2022 və 2023-cü illər üçün birgə fəaliyyət proqramı barədə söhbət açılıb, Türk dünyasında teatr sahəsində əməkdaşlığı inkişaf etdirməyin vacibliyi vurğulanıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi  Elçin Qafarlı və TÜRKSOY Katibliyinin əməkdaşı Timur Davletovun da iştirak etdiyi görüşdə Türk dünyasında teatr mütəxəssislərinin hazırlanması, dram əsərlərinin TÜRKSOY-a üzv ölkələrin dillərinə tərcüməsi, teatrlar arasında yaradıcılıq və repertuar mübadiləsi, üzv ölkələrdə teatr sənəti üzrə təhsil verən universitetlərin müvafiq kafedraları arasında qarşılıqlı əlaqənin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

Görüşdə TÜRKSOY və Türkiyə Dövlət Teatrları Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində 2022-ci ildə Qırğızıstanın Xalq yazıçısı, dramaturq Toktobolot Abdumomunovun (1922-1989) xatirə ili elan edilməsi və 2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaranmasının (1873) 150 illik yubileyi ilə əlaqədar TÜRKSOY-a üzv ölkələrdə müxtəlif tədbirlərin təşkilinə dair razılıq əldə edilib.

İşgüzar atmosferdə keçən görüşün sonunda Sultan Raev TÜRKSOY-un 2021-ci ildə nəşr etdirdiyi “Nizami Gəncəvini oxuyaq” kitab-albomunu Mustafa Kurta təqdim edib.

Mehparə Sultanova
Ankara