Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Simuzər Ağakişiyevanın “Qəhrəmanlıq nümunəsi” bioqrafik kitabın təqdimat mərasimi keçirilib.

İyulun 5-də Nizami Kino Mərkəzində təqdim olunan kitab Vətən müharibəsində görmə qabiliyyətini itirmiş qazilərdən bəhs edir. Görmə üzrə əlilliyi olanların sərbəst mütaliə etməsini təmin etmək məqsədilə hazırlanmış kitab audio formatda və Brayl şrifti ilə də nəşr edilib.

Tədbirdə Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev, Vətən müharibəsi qazisi Kamran Baxşızadə, 2020-ci ilin oktyabrında Gəncə şəhərinə atılmış mərminin partlaması nəticəsində gözlərinin nurunu itirən Pərvin Qasımova, millət vəkili, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov və başqa çıxış edənlər nəşrin əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, sənədli bioqrafik kitabda 44 gün davam edən haqq savaşında qəhrəmanlıqla döyüşən və Vətənin azadlığı uğrunda öz sağlamlığını itirən igidlər  barədə ətraflı məlumat verilib. Oxucu sanki bu qəhrəmanlarla söhbət edir, onların həyat və döyüş hekayətlərini, hiss və duyğularını, torpaqlarımızın düşmən işğalından təmizlənməsi uğrunda onların apardığı mübarizənin səhnələrini onların öz dillərindən eşidir.

Kitab tədbir iştirakçılarına, nəşrin Brayl şrifti ilə və audio versiyaları isə qazilərə və Respublika Gözdən Əlillər Kitabxanasına təqdim edilib.