Növbəti “Diplomatiya həftəsi”ndə müzakirə olunur

 

9 iyul Azərbaycanda diplomatik xidmət işçilərinin bayramıdır. Bu günün tarixi 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin diplomatik fəaliyyət haqqında ilk normativ sənədinin – XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin sərəncamı ilə (24 avqust 2007-ci il) 9 iyul Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı günü elan edilib.

Əlamətdar gün münasibətilə ölkəmizdə növbəti “Diplomatiya həftəsi” keçirilir.

İyulun 7-də Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda “Diplomatiya həftəsi”nin açılış mərasimi olub.

Mərasimdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək iştirakçıları salamlayıb. Könüllü gənclərin iştirakı ilə keçirilən açılış mərasimində əsas qonaq qismində xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Bu tədbirin ənənəvi xarakter daşıdığını diqqətə çatdıran nazir Ceyhun Bayramov qeyd edib ki, artıq üçüncü dəfədir “Diplomatiya həftəsi” təşkil edilir. Tədbirin əsas məqsədi bu sahəyə marağı olan gənclərlə və könüllülərlə birgə proqramlar tərtib etmək, ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq, Azərbaycanın bu və ya digər sahədə dünyada cərəyan edən məsələlərdə mövqeyinin öyrənilməsindən ibarətdir.

Qeyd edək ki, həftə çərçivəsində dövlət rəsmilərinin, diplomatların gənc könüllülərlə görüşləri, müxtəlif tədbirlər nəzərdə tutulub.

“Diplomatiya həftəsi” çərçivəsində iyulun 7-də Türkiyənin Azərbaycandakı Səfirliyində  “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə çıxış edən XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva ötənilki “Diplomatiya həftəsi”nin 44 günlük Vətən müharibəsindəki Zəfərimizə həsr olunduğunu xatırladıb.

XİN rəsmisi bildirib ki, Azərbaycanla-Türkiyə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Tarixdə belə sıx münasibətləri olan ölkələri tapmaq mümkün deyil. Ölkələrimiz arasında müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Azərbaycan Türkiyənin dəstəyini həmişə hiss edib. Münasibətlərimizin sağlam təməllər üzərində qurulması bütün dövrlərdə özünü göstərib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsindən danışan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki,  Azərbaycanın bu Zəfəri digər ölkələrə örnəkdir.

Azərbaycanın türk dövlətləri arasında lokomotiv rolunu oynadığını vurğulayan səfir Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bir yerdə fəaliyyət göstərməsinin hazırkı dönəmdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.