Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “Şuşa İli” çərçivəsində iyul ayında rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçiriləcək.
Bununla əlaqədar İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən rəssamların ölkəmizə səfəri planlaşdırılır. Xarici rəssamlarla yanaşı, layihədə Rəşad Mehdiyev, Vüqar Muradov, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar da iştirak edəcəklər.
Layihə çərçivəsində xarici və yerli rəssamlar Şuşa şəhərinə gedərək mədəniyyət paytaxtımızla yaxından tanış olacaq, əsərlər çəkəcəklər.
Şuşa Azərbaycanın sənət xadimlərinin – şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında kifayət qədər tərənnüm edilsə də, əcnəbi müəlliflərin gözü ilə ona yeni baxış da xüsusi əhəmiyyət kəsb edir. Layihə üzrə dəvət olunacaq rəssamların qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında dolğun təsəvvürün yaranmasına zəmin olacaq. Onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq rəsm əsərləri müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcək.
Layihə çərçivəsində həmçinin Bakı şəhərində fəaliyyət göstərən rəssamların emalatxanalarında görüşlər təşkil olunacaq, rəsm qalereyaları ziyarət olunacaq və təsviri sənət sahəsində müasir çağırışlara dair müzakirələr aparılacaq.