Xəbər verdiyimiz kimi, 7-9 iyul tarixində Şəkidə 11-ci dəfə “İpək Yolu” festivalı keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən festival çərçivəsində iyulun 8-də “Yuxarı Karvansara” mehmanxana-kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Fikrət Əmirovun “Sevil” operası açıq havada nümayiş olunub. Tamaşa görkəmli bəstəkarın anadan olmasının 100 illiyinə həsr edilib.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanı Əməkdar artist, dirijor Əyyub Quliyev idarə edib.
Balaş obrazını Əməkdar artist Ramil Qasımov, Sevil obrazını Fatimə Cəfərzadə oynayıblar. Digər rolları Əməkdar artistlər İnarə Babayeva (Dilbər), Cahangir Qurbanov (Atakişi), Tural Ağasıyev (Əbdüləli bəy), Səbinə Vahabzadə (Gülüş) və başqaları ifa ediblər.
Fikrət Əmirov “Sevil” operasını Cəfər Cabbarlının eyniadlı pyesi əsasında Tələt Əyyubov tərəfindən qələmə alınmış libretto üzərində 1949-1952-ci illərdə yazıb. Operanın premyerası 1953-cü il dekabrın 25-də Azərbaycan Dövlət Opera və Balet Teatrında olub. İlk tamaşaya görkəmli rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədov quruluş verib, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəyli olub. Sevil partiyasını Vera Abışeva, Balaş rolunu Rəşid Behbudov ifa ediblər.
“İpək Yolu” festivalında Akademik Opera və Balet Teatrının heyəti “Sevil” operasını yığcam səhnə formasında nümayiş etdirib.
100 yaşlı bəstəkarın zəngin və ecazkar musiqisi, vokalçıların möhtəşəm ifası, simfonik orkestrin, balet qrupunun professional çıxışı XVIII əsrin tarixi abidəsi olan Yuxarı Karvansaraya toplaşan sənətsevərləri heyran edib və sürəkli alqışlarla qarşılanıb.
Tamaşa başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov teatrsevərlər, şəhərin sakinləri və qonaqlar adından kollektivə təşəkkürünü bildirib. Teatra festivalın xatirə hədiyyəsi təqdim olunub.