Hilal Baydarovun yeni filmi nümayiş olunacaq

 

Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) tammetrajlı bədii filmi İtaliyada – 75-ci Lokarno Film Festivalında nümayiş olunacaq. Film “beynəlxalq müsabiqə” kateqoriyası üzrə festivalın proqramına daxil edilib.

Bu barədə məlumat verən filmin prodüseri Elşən Abbasov bildirib ki, Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalı olan “Balıqlara xütbə” filmi festivalın əsas proqramı üçün seçilmiş 17 ekran işindən biridir.

Lokarno Film Festivalı avqustun 3-dən 13-dək keçiriləcək. Festivalın baş mükafatı “Qızıl bəbir” heykəlciyidir.

“Balıqlara xütbə” filminin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, rejissoru Hilal Baydarovdır. Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov və digər aktyorlar rol alıblar.

Xatırladaq ki, rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi 2020-ci ildə Avropanın üç ən nüfuzlu kino müsabiqəsindən biri olan Venesiya Film Festivalında nümayiş olunub. Bu, müstəqil Azərbaycan kino tarixində A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alan ilk filmdir. Rejissorun “Durna çırağı” filmi  2021-ci ildə 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görülüb.