Moskvada “İRS-Naslediye” jurnalının rus dilində növbəti nömrəsi çapdan çıxıb.
Jurnal baş redaktor Musa Mərcanlının “Şuşa Azərbaycan mədəniyyətinin palitrasıdır” sərlövhəli məqaləsi ilə açılır.
Baş redaktor yazır ki, 2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması ilə bitən İkinci Qarabağ müharibəsindən sonra regional inteqrasiya məsələləri gündəmə gəlib. Diqqətə çatdırılır ki, Qarabağda müharibəyə son qoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyaları yaradılması barədə xüsusi qeyd-şərt var. Gələcək nəqliyyat dəhlizinin keçəcəyi ərazinin adına uyğun olaraq bu istiqamət “Zəngəzur dəhlizi” adlanır.
Məqalədə qeyd edilir ki, Azərbaycanın qərbində yerləşən tarixi Zəngəzur vilayəti vaxtilə Qarabağ xanlığının tərkibinə daxil olub. 1917-ci ildə Rusiya İmperiyası süqut edəndən sonra Cənubi Qafqazda milli dövlət sərhədləri qoyulması nəticəsində Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olub, lakin bir sıra başqa qonşu qəzalarla birlikdə Zəngəzur da Ermənistanın ərazi iddialarının obyektinə çevrilib. Azərbaycanda, sonra isə onunla qonşu respublikalarda sovetləşmə başlananda bolşevik Rusiyası Cənubi Qafqazda öz geosiyasi maraqlarını əsas götürərək o vaxta qədər Azərbaycanın tərkibinə daxil olmuş Zəngəzuru və bir sıra başqa əraziləri mübahisəli ərazilər elan edib. 1920-ci ildə Zəngəzur qərb hissəsi Ermənistana verilib.
“İRS-Naslediye” jurnalının bu nömrəsində dərc edilmiş material müəyyən mənada Zəngəzurun süni şəkildə bölünməsi və bu ərazinin qərb hissəsinin Ermənistana verilməsi ilə bağlı hadisələr haqqında tarixi sənədlərin icmalıdır.
Məlum olduğu kimi, 2022-ci il Azərbaycanda rəsmən “Şuşa İli” elan edilib. Bundan əlavə, Şuşa 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. Bu faktlar Azərbaycanın Şuşa şəhərinə, onun mədəni palitrasına və Azərbaycan mədəniyyəti tarixində Şuşanın roluna dövlətimizin xüsusi diqqət göstərməsini sübut edir. Məqalədə Qarabağın bu əsas şəhərində fəaliyyət göstərən musiqili ədəbi məclislər və onların XIX əsrdə və XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və muğam sənətinin tarixinə verdiyi töhfədən də bəhs edilir.
Jurnalın bu nömrəsində 2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsinin ildönümünə və Qarabağın Azərbaycan mədəniyyətində tutduğu yerə həsr edilmiş sərgi barədə də material dərc edilib. Sərginin eksponatları Azərbaycan mədəniyyətinin Qarabağda yaşayıb-yaratmış görkəmli xadimləri haqqında informasiya verir.
Nəşrin əvvəlki saylarında olduğu kimi, bu nömrəsində də Azərbaycan xalqının tarixinin və mədəniyyətinin müxtəlif aspektləri barədə məqalələr təqdim edilib.