Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Türkiyədə yaşayan soydaşımız, İstanbul Şəhər Teatrlarının direktor müavini Əməkdar incəsənət xadimi Məlahət Abbasova və Əməkdar artist Aybəniz Haşımova ilə görüş keçirilib.
Monitorinq Mərkəzindən bildirilib ki, “Azərbaycan dili və mədəniyyətimiz” layihəsi çərçivəsində keçirilən görüşdə milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olan mədəniyyət sahəsində Azərbaycan dilinin saflığının qorunması, dilimizin və mədəniyyətimizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və təbliği, eləcə də dublyaj sahəsindəki nöqsanlarla bağlı fikir mübadiləsi aparılıb.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bildirib ki, mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan dilinin düzgün tətbiqi və təbliği məqsədilə ardıcıl tədbirlər keçirib. Mədəniyyət sahəsində də dilin saflığının qorunması prioritet məsələdir.
Azərbaycan dilinin saflığının qorunmasında sənət nümayəndələrinin üzərinə düşən öhdəliklərdən bəhs edən professor S.Əliyeva ana dilimizin ölkə hüdudlarından kənarda nüfuzunu artırmağın başlıca vəzifə olduğunu söyləyərək Məlahət Abbasova və Aybəniz Haşımovanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə filmlər və serialların dublyajında ədəbi dilin tətbiqi səviyyəsi də müzakirə edilib, aparılan monitorinq zamanı bu sahədə ciddi nöqsanların aşkar edildiyi diqqətə çatdırılıb. Mərkəzin mədəniyyət və Azərbaycan dili ilə bağlı işlərinə rəhbərlik edən baş mütəxəssis Aygün Qurbanova görüşün musiqi və mədəniyyətimizin inkişafı, eləcə də serialların dublyajında dilin düzgün tətbiqi ilə bağlı vacib məqamların öyrənilməsi üçün faydalı olacağını vurğulayıb. Peşəkar fəaliyyətində Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafına geniş yer verən Məlahət Abbasova milli-mənəvi dəyərlərimizin təbliğinə dair gördüyü işlər barədə danışıb.