Şamaxı rayonundakı Kələxana türbələr kompleksində Heydər Əliyev Fondunun dəstəyi ilə arxeoloji tədqiqatlar aparılır. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ekspedisiya qrupu iki aydır əraziyə səfərbər edilib. Qazıntılara institutun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri tarix elmləri doktoru, professor Qafar Cəbiyev başçılıq edir.
Şamaxı şəhərindən 9 kilometr cənubda yerləşən Kələxana türbələr kompleksi 4,6 hektar ərazini əhatə edir. Tədqiqatçıların bir qismi Şirvan-Abşeron memarlığının nümunəsi olan Kələxana türbələrinin eyni vaxtda və eyni memar-usta tərəfindən inşa olunduğunu ehtimal edir.
Kələxana arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyevin bildirdiyinə görə, səkkizguşəli formada olan prizma şəkilli bu türbələrin hamısı mədən daşından istifadə olunmaqla inşa edilib, portallarının kənarları isə nəfis işlənmiş daş çərçivələrlə haşiyələnib. Türbələrin hamısının giriş hissəsində oyma üsulu ilə müəyyən təsvirlər işlənib.
Maraqlıdır ki, onlardan yalnız birinin üzərində kitabə var. Kitabədə həmin türbənin hicri tarixlə 1074-cü ildə Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi, oradakı məzarda isə Çigər şeyxlərindən, şeyx İsrafilin nəslindən olan şeyx İbrahim oğlu Əmir Əhmədin dəfn edildiyi qeyd olunub. Qeyd edək ki, Kələxana türbələr kompleksi ətrafındakı məzarlıqda üzərində kitabələri olan çoxsaylı qəbirlər var. Həmin qəbirüstü sənduqələrdən bir neçəsi XX əsrin ortalarında Bakıya aparılıb və hazırda Qız qalası qarşısındakı meydanda nümayiş etdirilir.
Baş elmi işçi Elmira Abbasova isə bildirib ki, ərazidə iş davam etdirilərkən orada iki qatdan ibarət çoxotaqlı bina qalığı olduğu müəyyən edilib. Binanın alt qatı iki otaqdan ibarətdir. Otaqlara daxil olmaq üçün bir neçə pillədən ibarət xüsusi pilləkən olub. Hər iki otağın giriş qapısı şərq istiqamətindən olmaqla tağvari formadadır. Otaqların hər birinin divarlarında qarşı-qarşıya 4 ədəd taxça var. Görünür, həmin taxçalar otaqları işıqlandırmaq məqsədilə çıraqlar qoyulması üçün nəzərdə tutulub. Qazıntı prosesində ərazidən tapılmış bir neçə gil çıraq da məhz bu cür düşünməyə əsas verir.
Ötən əsrin 50-ci illərində Kələxana türbələrinin ikisində müəyyən təmir və bərpa işləri görülüb. Əfsuslar olsun ki, bu zaman qeyri-peşəkar yanaşma ucbatından abidələrin ilkin görkəminə çox ciddi xələl gətirilib. Xeyli sayda daş kitabə sındırılıb, hissələrə parçalanıb, türbələrin hasar divarlarının içinə yerləşdirilərək üzəri də üzlük daşlarla örtülüb.
Mütəxəssislər qeyd edirlər ki, qəbirlərdən götürülən nümunələrin müvafiq laboratoriyalarda araşdırılaraq incələnməsi də elmi baxımdan əhəmiyyətli ola bilər.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov bu günlərdə Kələxana türbələri kompleksində görülən işlərlə tanış olub.
Professor Qafar Cəbiyev aparılan tədqiqatların elmi əhəmiyyətindən danışıb. Baş direktor qeyd edib ki, burada aparılan arxeoloji, antropoloji, epiqrafik tədqiqatlar və kompleksin memarlıq xüsusiyyətlərinin tam, dərindən araşdırılması tariximizin yeni səhifələrinin yazılması üçün öz sözünü deyəcək.