Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qurban bayramı münasibətilə Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində konsert təşkil edib.

Konsertin aparıcısı Günay Firudinqızı qonaqları salamlayaraq Qurban bayramı haqqında məlumat verib. Bildirib ki, müqəddəs bayram həm də ahılları yada salmaq, onlarla görüşüb ünsiyyət saxlamaq üçün bir fürsətdir.

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Samirə Mehdiyeva müharibə və əmək əlillərinə dövlət qayğısından və onlar üçün hazırlanan proqramların ahıllarımızın asudə vaxtının təşkilində əhəmiyyətindən danışıb.

Milli Məclisin deputatı Jalə Əhmədova ağsaqqal və ağbirçəklərimizlə hər görüşün böyük mənəvi dəyəri olduğunu vurğulayıb.

Daha sonra konsert proqramı təqdim olunub. Tanınmış müğənni Elnur Məmmədov və rəqqasə Fatimə Fətəliyeva ahıllara əsl bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Pansionat sakinləri bu gözəl ortamı yaratdıqlarına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Lalə